Turizmin inkişafında yeni mərhələ

Hal-hazırda turizm istənilən ölkənin milli dəyərlərindən birinə çevrilib. Ölkə iqtisadiyyatına ən az sənaye qədər gəlir qazandıran turizm sektoru istər milli mənfəətə, istərsə də ölkənin dünyəvi tanıtımına və etibarına çox böyük təsir göstərməkdədir. Müasir dövrdə ölkələrin turizm siyasəti:

1) Turizmin inkişafı üçün yeni imkanlar, hədəflər və mümkünlüklər ortaya qoyur;

2) İqtisadi hədəfə istiqamətlənir və turizmdən gələn iqtisadi faydaları ən yüksək həddə çatdırmağa istiqamətlənir;

3) Turizm sahəsində mövcud olan psixoloji və sosial maneələri, fərqli fikir və davranışları tənzimləyir;

4) Turizm sektorunda mövcud problemlərin müəyyənləşib, qarşısının alınmasına qismən yardım edir.

Son illər ərzində Azərbaycanda turizm qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilməkdədir. Turizmin inkişafı çərçivəsində qəbul edilən çoxsaylı hüquqi-normativ aktlar, aparılan islahatlar məhz ölkənin turizm imkanlarından səmərəli şəkildə yararlanması, Azərbaycanın dünyada yalnız neft ölkəsi kimi deyil, eyni zamanda zəngin turizm potensialı, əlverişli coğrafi mühitin hakim olduğu bir dövlət kimi tanınması məqsədini daşıyır. 2010-cu ildə “2010-2014-cü illərdə Azərbaycanda turizmin inkişafına dair” Dövlət Proqramının qəbul olunması, Prezidenti İlham Əliyev tərəfindən 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan edilməsi, bununla əlaqədar geniş Tədbirlər Planının təsdiq və icra olunması nəticəsində ölkəmizdə turizm sənayesi yeni mərhələyə qədəm qoymuşdur.

Aprelin 3-də Bakı Ekspo Mərkəzində “AITF-2015” XIV Azərbaycan Beynəlxalq turizm və səyahətlər, “HOREX Caucasus-2015” IX Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar, həmçinin “CIBS-2015” II Xəzər Beynəlxalq kater və yaxtalar sərgiləri həm coğrafi mövqeyi və iqlimi, həm də sahib olduğu təbii sərvətlər baxımından Azərbaycanın böyük bir avantaja malik olduğunu bir daha nümayiş etdirdi.

Beynəlxalq turizm və səyahətlər sərgisi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilir, Dünya Turizm Təşkilatı, Azərbaycan Turizm Assosiasiyası və Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası tərəfindən dəstəklənir. Bu sərginin əhəmiyyəti, burada iştirak edən ölkə və şirkətlərin sayı ildən-ilə artmaqdadır. Əgər 2002-ci ildə sərgiyə qatılan ölkələrin sayı 14 idisə, bu il onların sayı 42-yə çatıb. Bu ölkələrdən gələn 371 şirkət sərgidə ümumilikdə 80-dək turizm istiqamətini təqdim edir. Bu sərgi turizm sənayesi üzrə bütövlükdə regionda liderdir.

Turizm sektoru obrazlı ifadə etsək, bir növ ölkələrarası əlaqələrə barış, dostluq duyğusunu qataraq həm iqtisadi, həm sosial, həm də siyasi inkişaf üçün mühüm əhəmiyyət kəsb edir. Əgər beynəlxalq arenada söz sahibinə ölkə  istəyiriksə, ilk öncə güclü dövlətlər və millətlərlə qlobal yaxınlaşmanı təmin etməmiz lazımdır. Sərgi bir daha sübut etdi ki, Azərbaycan yalnız qədim, antik mədəniyyəti ilə deyil, həm də müasirliyi ilə fərqlənir.

Nailə Məmmədova
Azerbaijan Realities
 

2015-04-14 / 00:00
Facebook