Azərbaycanda turizmin inkişafında maneə: turizm obyektlərinin baha olması

Turizm sektorunun inkişafı üçün 3 şərtin olması vacibdir:

1)    Mövcud təbii-coğrafi şərait, yəni zəruri infrastruktur (cəbedici, tarixi, maraqlı məkanların olması);

2)    Yüksək xidmət;

3)    Münasib qiymət.

Məhz kontinentlərin və əlaqələrin varoluşundan bugünə kimi dünyanın vacib keçid bölgəsi rolunda çıxış etməsi Azərbaycanımızın dünyada mədəni miras baxımından ən dəyərli ölkələrdən biri olaraq tanınmasına səbəb olmuşdur. Bütün mədəniyyətlərin beşiyi olması və bu təsirin iz qoyduğu fərqlilik, zənginlik Respublikamızın turizm ölkəsi kimi yararlı olmasına imkan yaratmışdır. Ölkəmizin hər bir qarışında fərqli təsirlərin, zəngin gözəlliklərin şahidi olmaq mümkündür.

Respublikamızda turizm sektorunun inkişafına əngəl törədən ən vacib problemlərdən biri məhz ölkədə mövcud qiymətdir. Məsələn, Azərbaycanda nəqliyyat xərcləri də daxil olmaqla turistin 1 həftəlik dincəlməsi üçün xərclər qonşu Gürcüstanla müqayisədə təxminən 60 faiz, Türkiyəylə müqayisədə təxminən 40 faiz bahadır. Bu isə ölkənin daxili turizm potensialının tanıdılmasına ciddi əngəl törədir. Məhz buna görə də yerli turistlər də səyahət üçün ölkə daxilini deyil, əsasən qonşu ölkələri (Gürcüstan, Türkiyə və s) seçirlər. Bu da öz növbəsində vətəndaşlarımızın qonşu ölkələrin turizm sektoruna maliyyə vəsaitini yönəltməsi, ölkənin turizm imkanlarından tam istifadə edilməməsi deməkdir. Bu problemin həlli üçün əsas vasitə məhz dövlət dəstəyinin daha da artırılmasıdır. İnkişaf etmiş ölkələrin təcrübəsinə də nəzər salsaq görərik ki, bu ölkələrdə turizmin daha keyfiyyətli, cəlbedici və rəqabətqabiliyyətli olması üçün dövlət tərəfindən müxtəlifyönlü dəstəkləyici tədbirlər həyata keçirilmişdir (aşağı dəyər vergisinin tətbiq olunması, turizm obyektlərinin xərclərinin azaldılması və s.). Turizm sektorunda fəaliyyət göstərən şirkətlərdən 18 faiz həcmində əlavə dəyər vergisinin tutulması onların xərcini daha da artırır, eyni zamanda həmin şirkətlərin də yerli və xarici tursitlərə daha yüksək məbləğ dəyərində xidmət təklif etməsinə səbəb olur. Bu sahədə dövlət tərəfindən müəyyən həvəsləndirici güzəştlərin edilməsi zəruridir.

Nailə Məmmədova
Azerbaijan Realities

2015-03-17 / 00:00
Facebook