Bu gün Novruz bayramına qədər qeyd edilən 4 çərşənbədən biri – Od Çərşənbəsidir. El arasında “Üsgü çərşənbə”si kimi də tanınan od çərşənbəsi özünəməxsus mənasi ilə fərqlənir.
Məlumdur ki, mifologiyaya görə Novruz bayramı öncəsi qeyd edilən 4 çərşənbə insan yaradılışının 4 ünsürü ilə əlaqələndirilir. Hesab olunur ki, od çərşənbəsində bu ünsürlərdən olan “od” insanın yaradılış prosesində ikinci mərhələni əhatə edir.
Qədim zamanlardan bəri türk xalqlarının təsəvvüründə müqəddəs rəmz olaraq bilinən od yazın gəlişi, havaların isinməsinin əsas göstəricisidir. Həmçinin güc, qüvvə, enerji, işıq rəmzi kimi od, Günəşin yerdəki təzahürü hesab olunur. Qədimdə insanların istilik mənbəyi kimi ilk dəfə odu ağacdan əldə etmələri ilə əlaqədar olaraq, ağac da od qədər müqəddəs hesab olunurdu və “Dağdağan, zoğal, əncir və tut ağaclarını odda yandırmazlar”, “Ağacın istisinə isinərlər”, “Od çərşənbəsində “ağlayan” ağacı kəsən sonsuz qalar”, “Palıd ağacının istisi sağlamlıq gətirər” kimi ifadələr söylənirdi. Buna görə də qədim adətlərə uyğun olaraq, çərşənbə günündə tonqal qalanır və hər kəs odun üstündən hoppanaraq “ağırlığım, uğursuzluğum tonqala” deyərək sanki öz dərdlərini, xəstəliklərini odda yandırırlar.
Bəşəri irsə malik Azərbaycan həmçinin dünyada “odlar diyarı” kimi də tanınır. Hətta “Azərbaycan” sözünün etimoloji izahına diqqət yetirsək, orada da “Azər” sözünün "ər, kişi", "ər oğlu", "od qoruyan" mənalarda ifadə olduğunu görə bilərik. Azərbaycan xalqına məxsus qonaqpərvərlik, insanlara qarşı isti münasibət, həmçinin qorxmazlıq, cəsarət kimi keyfiyyətlərin olması da Azərbaycanın “odlar diyarı” kimi tanınmasında əsas xarakterik xüsusiyyətlərdən biri kimi çıxış edir. Bundan başqa, “odlar yurdu” ifadəsi həm də bu günki Azərbaycan dövlətinin çox çətin-odlu, alovlu bir tarixi mərhələrdən keçərək tarixdə iz buraxması ilə əlaqədar işlənilir.
Od çərşənbəsi bəzi tədqiqatçılar tərəfindən Azərbaycan ərazisində qədim zamanlarda yayılan Atəşpərəstlik dini ilə də bağlanılır. Atəşpərəstlik dininin banisi Zərdüşt tərəfindən yaradılan Avesta kitabında od müqəddəs bir məfhum kimi göstərilmiş və insanların oda olan inamı tarix boyunca özünü biruzə vermişdir. Azərbaycanda oda olan maraq və inamın əyani sübutu isə qədimdən bu günə qədər qorunub saxlanan Atəşgah məbədidir.
Bütün bu tarixi faktlar xalqımızın qədim tarixə, qədim ənənələrə malik bir xalq olduğunun əsas sübutudur.
Ləman Xəlilova
Azerbaijan Realities