Təbiətcə qadın ana, həyat yoldaşı, bacı, övlad kimi nəcib xüsusiyyətlərə sahib olan zərif məxluqdur. O, eyni zamanda müasir dövrümüzdə cəmiyyətin ən fədakar, çalışqan və işgüzar üzvüdür. Sadalanan bu xüsusiyyətlər qadına qarşı xüsusi münasibət, diqqət və qayğı tələb edir. Bu baxımdan qadının cəmiyyətdəki rolu daim diqqət mərkəzində olan vacib problemlərdən biridir.
Dünya Qadınlar gününün gündəmə gəlməsi ilk olaraq 1800-ci illərə təsadüf edir. Sosialist qadınların 1910-cu ildə Kopenhagendə keçirilmiş 2-ci beynəlxalq konfransında Klara Setkinin təklifi ilə Beynəlxalq qadınlar gününün bayram edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin vaxtdan etibarən 8 mart tarixi bütün ölkələrdə həm də sülh uğrunda mübarizədə həmrəylik günü kimi qeyd olunur. İlk dəfə bu bayram 1911-ci ildə Almaniya, İsveçrə, Avstriya və Danimarkada keçirilmişdir. Rusiyada 1913-cü ildə, Azərbaycanda isə 1917-ci ildə 8 mart bayram edilmişdir. 1977-ci ildə Birləşmiş Millətlər Təşkilatının Ümumi Qurultayında 8 mart Qadın hüquqları və Dünya Barışı günü olaraq qəbul edilmişdir. Bu təqvim, qadınların iqtisadi, siyasi və ictimai hüquq bərabərliyi uğrunda mübarizədə beynəlxalq həmrəyliyi günüdür.
Azərbaycan qadınının keçmiş olduğu yol çox böyük və qürurvericidir. Vətən və namus uğrunda fədakarlıq göstərmiş mərd Azərbaycan qadınlarının qəhrəmanlıq xatirələri tarixdə şərəfli səhifələr açmış, böyük ədiblərin qələmində səslənmiş, dillərdə dastan olmuşdur. Hələ eramızdan 800 il əvvəl türk sərkərdə qadını Tomiris Azərbaycana hücum etmiş işğalçıları məğlub etmişdir. Azərbaycan qadınlığının qəhrəmanlıq tarixi Nizami Gəncəvinin əsərlərində, onun zəngin poemalarındakı unudulmaz misralarda da öz əksini tapmışdır. Azərbaycan qadını tarixən öz zəkası, hünəri və qeyrəti ilə hər bir dövrün aparıcı qüvvəsi kimi parlamışdır. Gövhər xanım Qacar, Həmidə xanım Cavanşir, Nigar xanım Şıxlinski, Məsmə xanım Talışinski, Xədicə xanım Əlibəyova, Səltənət xanım Əhmədova, Hənifə xanım Məlikova, Rübabə xanım Qasımova və başqaları mübarizlərin ön sırasında getmişlər.
Bu gün Azərbaycanda istər dövlət, istərsə də cəmiyyət həyatında qadınların nüfuzu artmışdır. Onların bir vətəndaş olaraq konstitusion hüquq və azadlıqlarından yararlanması üçün lazımi şərait yaradılmışdır. Hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şərqdə ilk dəfə olaraq Azərbaycanda qadınlara seçki hüququ verilmişdi.
Müasir dövrümüzdə ölkənin ictimai-siyasi, iqtisadi, mədəni həyatında qadınlar fəal şəkildə iştirak edirlər. Dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan 1991-ci ildə rəsmi şəkildə qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub. 1998-ci ildə isə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Respublikamız həmçinin Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür.
“8 mart” bütün dünyada qadınların bərabər, azad və rahat yaşam istəklərini dilə gətirdikləri xüsusi bir gündür. Daha müasir və sağlam cəmiyyətin formalaşması üçün qadınlara hər zaman ehtiyac vardır. Qadınlara verilmiş bu gözəl günə hörmət duyulmalı və onlar sadəcə bir gün deyil, ilin hər günü xatırlanmalıdır. Sonda isə fikrimi böyük dramaturqumuz Hüseyn Cavidin misraları ilə tamamlamaq istərdim:
Qadın gülərsə şu issız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək!
Bayramımız mübarək, əziz qadınlar!
Nailə Məmmədova
Azerbaijan Realities