1992-ci il fevralın 26-sı Xocalı faciəsi xalqımıza qarşı törədilmiş soyqırımdır. Humanizmə, sülhə, təhlükəsizliyə, insanların ən əsas və vacib hüquqlarına yönəlmiş aktdır. Bu tarix bir şəhərin əhalisinin şüurlu, düşünülmüş şəkildə məhvi məqsədini daşıyan addımdır. Bu faciə bir daha onu göstərdi ki, ermənilər yalnız bizim torpaqlarımızı zəbt edib, yiyələnməklə deyil, həm də bizim bir millət kimi varlığımızı sonlandırmaq hərisliyi ilə yaşayırlar. Erməni millətçiləri öz körpələrinə belə türk nifrəti ilə göz açdırıb, türk düşmənçiliyi aşılayırlar. Türkün əzabla məhvi, tarix səhnəsindən silinməsi bir vəzifə kimi hər bir erməninin qarşısına qoyulur. Belə bir şovinist, qəddar, cəllad, kinli bir ruhla böyümüş millətdən hansı humanizmi gözləmək olar?
Soyqırımı nəticəsində şəhərin 5 min nəfər əhalisindən 335 nəfəri şəhid olmuş, Ağdamın mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı olmuşdur. Eyni zamanda 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur.
“Erməni soyqırımı” altında dünyaya yalan informasiyalar yayan, tarixi və insanlığı ləkələməyə çalışan ermənilər yaxın keçmişdə baş verən faciəni “Xocalı döyüşü” adı altında təqdim edir, vəhşi niyyətlərini gizlətməyə çalışırlar. Təəssüf ki, birtərəfli mövqe nümayiş etdirməyən beynəlxalq birlik də Azərbaycanın haqq səsini görməməzliyə vurur.
Bu gün çoxmilyonlu Azərbaycan millətinin qarşısında duran əsas vəzifələrdən biri məhz harada yaşamasından asılı olmayaraq ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi, bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə, parlamentlərinə, geniş ictimaiyyətə çatdırmaq, bütün bunların əsl soyqırımı aktı kimi tanınmasına nail olmaq vəzifəsi durur. Bu, ən azından Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur.
Soyqırıma siyasi qiymətin verilməməsi, Ermənistan hökumətinin destruktiv siyasətinin ifşa olunmaması dünyanın enerji təhlükəsizliyi üçün mühüm rol oynayan Cənubi Qafqaz regionunda sabitliyin ciddi şəkildə pozulmasına gətirib çıxara bilər. Bəşəriyyətə qarşı ən böyük cinayətlərdən biri olan Xocalı soyqırımı iştirakçıları, havadarları beynəlxalq məsuliyyətə cəlb olunmalıdır.
Nailə Məmmədova
Azerbaijan Realities