Baharın müjdəçisi: su çərşənbəsi

Qədim dövrlərdən bizə irs qalmış xalqın yaratdığı mənəvi sərvətlər onun zəngin və parlaq istedadını təcəssüm etdirir. Novruz bayramı qədim ənənələrə dayanan milli ünsürləri, mənəvi dəyərləri özündə birləşdirən əsas bayramlardan biridir. Qışın axırıncı ayı Boz çillədə qışın yatıraraq dondurduğu təbiəti yaz 4 həftədə oyadır. Buna görə də Novruz gəlməmişdən öncə baharın carçısı kimi 4 həftə boyunca ocaqlar qalanır, çərşənbələr qeyd olunur.  Həmin çərşənbələr bizi Novruza daha da yaxınlaşdırır.  Bu ənənə əsrlər boyu məişət həyatımızın ən bölünməz bir hissəsinə çevrilmişdir.

Xalqımızın təmtəraqlı şəkildə qeyd etdiyi bayramqabağı çərşənbələrdən biri də su çərşənbəsidir. El arasında "Əzəl çərşənbə", “Gözəl çərşənbə", “Sular Novruzu” kimi tanınan Su çərşənbəsi ilaxır çərşənbələrin birincisi, baharın ilk müjdəçi çərşənbəsidir. İlk çərşənbənin su ilə əlaqələndirilməsi də təsadüfi deyildir. Məlumdur ki, bütün mifik görüşlərdə su həyat verən, dirildən, sağlamlıq və xoşbəxtlik verən bir inam obyekti qismində çıxış edir. Su olan yerdə həyat da vardır.

İnama görə bu çərşənbədə sular təzələnir. Gün doğmazdan əvvəl kənd yerlərində insanlar bulaq başına gedər, əl-üzünü yuyar, su üstündən tullanar, bir-birilərinin üzərinə su çiləyərlər. Bulaqdan gətirdikləri sudan çay qoyarlar. Deyilənə görə, bu çərşənbədə su üstündən tullananlar azar-bezardan uzaq olarlar. Qədim zamanlarda həmin gün bulaq başında insanlar toplaşar suyun müqəddəsliyini, qüdrətini, gözəlliyini tərənnüm edən nəğmələr oxuyarmışlar. Təsadüfi deyildir ki, şifahi xalq yaradıcılığında suyun saflığını, müqəddəsliyini əks etdirən atalar sözlərinin, tapmacaların, bilməcələrin, lətifələrin və s. sayı-hesabı yoxdur. 

Həmin gün bulaq başında, su kənarında dayanan insanlar ürəklərindən keçənləri suya söyləməli, niyyətlərinin çin olmasını arzulamalıdırlar.  Məişətimizdə su ilə qarşılayıb su ilə yola salmaq adəti vardır. Çünki su təmizlik, saflıq, xeyir iş rəmzidir. Su yüngüllük, asanlıqdır. Ən pis yuxunu belə suya danışmaqla xeyir tapacağına inanılır.

Su çərşənbəsi axşamı süfrəyə mütləq bir qabda su qoyulmalıdır. Həmin gün adətən torpaq dirçəlir. Bu çərşənbə ilə bağlı illərin sınağından çıxaraq bu günümüzə qədər yaşamış və özünü doğrultmuş xalq hikmətləri, atalar sözləri, məsəllər var.  Məsələn, "Su bardağı suda sınar", "Su axar çuxurun tapar", "Suyun lal axanı, adamın yerə baxanı", "Yol böyüyündür, su kiçiyin", "Yuxuda su görmək aydınlıqdır" və s.

Qədim Türk mifologiyasında Suyun özünəməxsus obrazı var. Bu obraz Suyun yenilikçi, təmizləyici  missiyası ilə bağlıdır. Belə ki, torpağın oyanması üçün su lazımdır.  Su cadar-cadar olmuş və yatmış torpağı oyadır, cana gətirir. Su çərşənbəsi  təbiəti oyanışa çağıran ilk çərşənbə hesab edilir. Suyun yalnız xoş, təmiz, saf, gözəl və aydın günlər gətirməsi diləyilə... Bayramınız mübarək! Daim ocağımızın alovu gurlansın!

Nailə Məmmədova
Azerbaijan Realities

2015-03-04 / 00:00
Facebook