Son illərdə Azərbaycan Respublikasının siyasi arenada qazanmış olduğu etimad, eləcə də dövlət daxilində aparılan islahatlar nəticəsində Cənubi Qafqaz ölkələri arasında ən inkişaf etmiş ölkə səviyyəsinə yüksəlməsi təbii ki, digər dövlətlərin ölkəmizə olan marağını artırır. Bu maraqlar qarşılığında Azərbaycan dünyanın böyük dövlətləri ilə münasibətlərinə daha çox diqqət yetirir. Aydındır ki, bunlar içərisində Azərbaycanın ikitərəfli əlaqələrə önəm verdiyi dövlətlərdən ən əsası ABŞ-dır. Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi: “Amerika Birləşmiş Ştatları ilə Azərbaycanın əlaqələrinin əhəmiyyəti ondan ibarətdir ki, ümumiyyətlə Qərb demokratiyasını, mədəniyyətini Qərbdə həm iqtisadiyyat, həm siyasət sahəsində, həm də ictimai sahədə əldə olunmuş nailiyyətləri öyrənmək, onlardan bəhrələnmək, istifadə etmək, bu təcrübəni Azərbaycanda tətbiq etmək müstəqil dövlət kimi, tutduğumuz yolda çox böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Amerika Birləşmiş Ştatları xüsusi yer tutur. Qərb texnologiyasını, Amerika texnologiyasını, Amerikanın iqtisadiyyatında inkişaf etmiş təcrübəni, prinsipləri, nailiyyətləri öyrənmək və onları Azərbaycana gətirmək, hesab edirəm ki, Azərbaycanın gələcəyi üçün çox lazımdır, zəruridir. Bunlarla yanaşı, şübhəsiz ki, Amerika Birləşmiş Ştatları ilə əməkdaşlıq etmək və bu əməkdaşlığı bütün sahələrə yaymaq da bizim həm dövlət quruculuğumuz üçün, həm də beynəlxalq aləmdə özümüzə layiq yer tutmaq üçün, Azərbaycanın ən böyük problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün çox əhəmiyyətlidir və çox vacibdir.”
Müəyyən mərhələlərdə Azərbaycan – ABŞ əlaqələrində bir sıra eniş-çıxışlar müşahidə olunsa da, ümumilikdə strateji tərəfdaşlıq səviyyəsinə gəlib çatan münasibətlər yüksək səviyyədə davam etdirilir. Buna təsir edən əsas amil isə Azərbaycan Respublikasının Cənubi Qafqaz ölkələri içərisində Avropanın enerji təhlükəsizliyində əsas rol oynayan enerji layihələrinin başlıca aktoru kimi çıxış etməsi və ABŞ-la birgə bu layihələrdə iştirak etməsi hesab oluna bilər.
Qeyd edək ki, 17 fevral 2015 tarixində prezident İlham Əliyev ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Görüşdə ölkələr arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişafından razılıq ifadə olunmuş, Azərbaycan-ABŞ əməkdaşlığı yüksək qiymətləndirilmişdir. Söhbət zamanı iki ölkənin enerji, təhlükəsizlik, terrorizmə qarşı mübarizə, Əfqanıstanla bağlı əməkdaşlığının perspektivləri, insan hüquqları, demokratik təsisatlar, bu istiqamətdə dialoqun aparılması və digər məsələlər müzakirə edilmiş, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, bölgədə gərginliyin aradan qaldırılması, danışıqların davam etdirilməsi, regionda sülh və sabitliyin təmin olunması ilə bağlı məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılmışdır.
Bunun ardınca, fevral ayının 19-u Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanın etimadnaməsini qəbul etmişdir. Söhbət zamanı Azərbaycan-ABŞ münasibətlərinin perspektivləri ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Bütün bunlar onu deməyə əsas verir ki, müəyyən dövrlərdə iki ölkə arasında soyuq tendensiyalar özünü biruzə versə də, hazırda hər iki dövlət də ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf etdirməkdə maraqlıdır.
Ləman Xəlilova
Azerbaijan Realities