Müasir mərhələdə təhsilin irəli aparılması istiqamətində əsaslı islahatlar həyata keçirilsə də, bütövlükdə tam inkişafa nail olmaq hələ ki, mümkün olmamışdır. Bu baxımdan, ölkəmizdə mövcud şəraitdə təhsil sahəsində də problemlər var və onların həlli labüddür. Ümumi olaraq Azərbaycanın təhsil sistemində olan problemləri aşağıdakı kimi şərh etmək olar:
İlk peşə-ixtisas təhsili müəssisələrini bitirən şəxslərin sayı iqtisadiyyatın tələbatı ilə üst-üstə düşmür. Son illər ümumi təhsil müəssisələrini bitirən məzunların yalnız 11 faizinin ilk peşə-ixtisas təhsili müəssisələrini seçməsi, ümumilikdə həmin pillədə təhsilalanların cəmi 25–27 min nəfər təşkil etməsi əhalidə ilk peşə-ixtisas təhsilinə marağın aşağı olduğunu göstərir;
Kənd yerlərində müxtəlif fənlər üzrə müəllim çatışmazlığı hələ də tam olaraq həll olunmamışdır;
Ölkəmizdə məktəbəqədər təhsilə cəlb olunma səviyyəsi aşağıdır. Belə ki, məktəbəqədər təhsillə əhatə səviyyəsi şəhərlərdə 23,4, kəndlərdə 8,7, ölkə üzrə isə 16,5 faiz təşkil edir;
İlk peşə-ixtisas və orta ixtisas təhsili kurikulumları müasir tələblərə cavab vermir;
Səriştəyə əsaslanmayan, əmək bazarında yetərincə rəqabətli olmayan əmək haqqı sistemi və maddi stimullaşdırma mexanizmlərinin adekvat olmaması təhsildə müəllim amilinin inkişafına mənfi təsir göstərmişdir;
Təhsil sistemində tənzimləmə, idarəetmə və nəzarət funksiyalarının dəqiq müəyyən edilməmişdir;
Bundan başqa, ali təhsil müəssisələrində Boloniya sistemi ilə yanaşı köhnə tədris metodlarının da tətbiqi tədrisin keyfiyyətinin aşağı düşməsinə səbəb olur;
Məktəblərdə və ali təhsil müəssisələrində xarici dillərin tədrisinin aşağı səviyyəsi ölkədə təhsil alan tələbələri dil biliyini inkişaf etdirməsi üçün əlavə kurslara üz tutmağa məcbur edir;
Əmək bazarının tələblərinə uyğun olmayan, səmərəsiz kadr hazırlığı ölkədə bəzi sahələrdə kadr çatışmazlığı ilə, bəzi sahələrdə isə işsizlik probleminin yaranması ilə nəticələnmişdir;
Xüsusən ali təhsil müəssisələrini bitirənlərə təyinat sisteminin tətbiq olunmaması təhsil sisteminin ən böyük problemlərindən biri hesab oluna bilər.
Beləliklə, ölkəmizdə təhsil sisteminin inkişaf etdirilməsi istiqamətində davamlı addımlar atılsa da, bu və ya digər problemlər hələ də öz həllini tapmamışdır. Lakin bu problemlərin həll olunması ölkənin davamlı inkişafı üçün vacibdir. Buna görə də ölkə rəhbərliyi bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirir.
Təhsildə bu və ya digər problemlərin azaldılması üçün aşağıdakı perspektiv tədbirlərin görülməsi təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına imkan yarada bilər:
Yeni kurikulumların hazırlanması və tətbiqi;
Dərsliklərin təkmilləşdirilməsi və müasir dövrə uyğunlaşdırılması, xüsusən ali təhsil müəssisələrində sovet dövründən qalma dərsliklərin yeniləri ilə əvəz olunması;
Ali təhsil müəssisələrinə ixtisas seçimi prosesinə daha ciddi nəzarət olunması, xüsusən əmək bazarının tələbi ilə üst-üstə düşməyən ixtisasların başqaları ilə əvəz olunması, eləcə də abituriyentlərə ixtisas seçimi öncəsi ixtisaslarla bağlı ətraflı məlumatların verilməsi (ixtisasların gələcəkdə abituriyentlərə nə qazandıra biləcəkləri, iş prosesində hansı işləri görəcəkləri haqqında ətraflı məlumatları əks etdirən broşuraların yayımlanması ixtisas seçimi səhvlərinin aradan qaldırılmasına yardımçı ola bilər);
Ali təhsil müəssisələrində tətbiq olunan Boloniya sisteminin təkmilləşdirilməsi;
Müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və daha gənc kadrların tədris prosesinə cəlb olunması;
Ucqar kəndlərdə yeni məktəblərin inşası və burada təhsilə cəlb olunma səviyyəsinin yüksəldilməsi (xüsusən qızların təhsilə cəlb olunması istiqamətində ardıcıl fəaliyyətin həyata keçirilməsi);
Orta və ali təhsil müəssisələrində xarici dillərin tədrisinə yerli müəllimlərlə yanaşı xaricdə təhsil almış, eləcə də xarici müəllimlərin cəlb edilməsi və ya xarici dil müəllimlərinin peşəkarlıq səviyyəsini artırmaq üçün onların müvafiq ölkələrdə kurs keçmələrinə imkanlar yaradılması;
Ali təhsil müəssisələrində təyinat sisteminin tətbiqi; (əgər bakalavr pilləsində bunu etmək mümkün deyilsə, magistratura pilləsini bitirənlərə təyinatla iş imkanı yaratmaq. Bu da mümkün olmasa, həmin pilləni fərqlənmə ilə bitirənlərə təyinat tətbiq etmək həm təhsilin səmərəsini artırmış olar, həm də tələbə və magistrantlara əlavə stimul olar)
“Müəllimlərin əlavə qazanc mənbəyi axtarması” probleminin həlli üçün əməkhaqlarının yüksəldilməsi, eləcə də, stimullaşdırıcı mexanizmlər və səmərəli monitorinq sistemi vasitəsilə müəllim fəaliyyətinin keyfiyyətinin artırılması;
Təhsildə maliyyələşdirmə sisteminin tədrisin keyfiyyətinə görə müəyyən edilməsi;
Qeyd edək ki, orta və ali təhsil müəssisələri üçün nəzərdə tutulan bu təkliflərin həyata keçirilməsi dövlət orqanlarının üzərinə düşsə də, bu işdə məktəb müəllimləri və tələbələrin də fəallığı və onların proseslərdə yaxından iştirakı həmin problemlərin həllinin sürətlənməsinə imkan yarada bilər.
Ləman Xəlilova
Azerbaijan Realities