Azərbaycan və Gürcüstan: dərin mədəni əlaqələr

Tarixən Azərbaycanla Gürcüstan arasında mövcud olan mədəni əlaqələr müasir dövrdə uğurla davam etdirilir. Bu əməkdaşlığın əsasını qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, festivallar, film çəkilişləri, konsert proqramları, sərgilər və s. təşkil edir. Bu gün Gürcüstanda Azərbaycan mədəniyyəti və incəsənətinə olan böyük marağın nəticəsidir ki, Azərbaycan xalçaları Gürcüstan muzeylərində dəyərli eksponatlar kimi saxlanaraq mühafizə olunur. 2009-cu ildə Gürcüstanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri həmin əlaqələrin önəmli nümunəsi olmuşdur. Qeyd edək ki, Azərbaycan Mədəniyyət Günləri “Mirzə Şəfi nəğmələri” kitabının təqdimat mərasimi ilə başlanmışdı. Kitabda Azərbaycan və gürcü xalqları mədəniyyətlərinin yaxınlaşmasında mühüm rolu olan M.Ş.Vazehin yaradıcılığının az məlum olan, rus dilindən tərcümələri toplanmışdır. Eyni zamanda 2013-cü ilin 25 aprelindən Gürcüstanda başlanan Azərbaycan kinosu günləri gürcü xalqı tərəfindən böyük maraqla qarşılanmışdır. Gürcüstan mədəniyyət və abidələrin mühafizəsi naziri Quram Odişaria demişdir ki, biz Azərbaycan kinosuna böyük önəm veririk. Nazir belə görüşlərin istər Tiflisdə, istərsə də Bakıda tez-tez keçirilməsini arzulamışdır. O demişdir ki, mədəniyyət sərhəd tanımır, ancaq çox vaxt uzaq ölkələrin filmlərinə, yaxın qonşularımızın filmlərindən daha çox baxırıq. Əminəm ki, azərbaycanlı dostların bu tədbiri belə çatışmazlıqların aradan qaldırılmasına xidmət göstərəcəkdir. Nazir birgə film çəkilişi layihəsini təqdir etdiyini bildirmişdir.

Respublikamızla Gürcüstan arasında humanitar sahədə də inkişaf özünü göstərməkdədir. Xüsusən 2013-cü ilin dekabr ayının 30-da keçirilmiş tədbirlər, eləcə də Tiflisdə Azərbaycan və Gürcüstan gənclərinin “Gənc liderlərin forumu” layihəsi çərçivəsində keçirilən və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbirlər Azərbaycanla Gürcüstan arasında kök salmış mədəni-mənəvi əlaqələrin tərəqqisində mühüm rol oynamışdır.

Beləliklə, Cənubi Qafqazda tarixən dərin qarşılıqlı münasibətlərə malik Azərbaycan və Gürcüstan bu gün bölgədə strateji tərəfdaşlıq zəmnində siyasi, iqtisadi, sosial, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığı inkişaf etdirərək, bir çox sahədə bir-birinə dəstək nümayiş etdirir. Bu münasibətlərin inkişafı isə Cənubi Qafqazda sabitliyin, həmçinin hər iki ölkə daxilində rifah halının qorunub saxlanması, eləcə də xarici təhdidlərə qarşı və mövcud gərginliklərin aradan qaldırılması istiqamətində birgə addımların atılmasına imkan yaradır.

Ləman Xəlilova
Azerbaijan Realities
 

2015-02-10 / 00:00
Facebook