Turizm dirçəlişdə

Hal-hazırda turizm istənilən ölkənin milli dəyərlərindən birinə çevrilib. Ölkə iqtisadiyyatına ən az sənaye  qədər gəlir qazandıran turizm sektoru istər milli mənfəətə, istərsə də ölkənin dünyəvi tanıtımına və etibarına çox böyük təsir göstərməkdədir. Bu gün dünya iqtisadiyyatında mühüm yer tutan sahələrdən biri olan turizm sektorunda Azərbaycanın rəqabət imkanları çox yüksəkdir. Təbii sərvətlərimiz, rəngarəng iqlimimiz, zəngin tarixi-mədəni irsimiz cəlbedici turizm məhsulu yaratmaq üçün mühüm zəmindir.

Respublikamızda iqtisadiyyatın yalnız neft amilindən asılılığının qarşısının  alınması istiqamətində tədbirlər həyata keçirilir. Bu istiqamətdə turizmin inkişafı ayrıca qeyd olunmalıdır. Məlumdur ki, ölkənin turizm potensialının inkişafı təsərrüfatın bütün sahələrinə təsir göstərir və onların inkişafını stimullaşdırır. Azərbaycan Respublikasında tətbiq olunan turizm siyasəti iqtisadi inkişafa yönləndirilir. Son illər ölkədə turizmin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi Azərbaycan dövlətinin turizmə diqqət və qayğısını bir daha sübut edir.

Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan beynəlxalq turizmin inkişafı, ölkənin turizm potensialının nümayişi daim diqqət mərkəzindədir. Ölkəmizin dünya turizm məkanına uğurlu şəkildə inteqrasiyası beynəlxalq əməkdaşlığı da genişləndirməkdədir. Təqdirəlayiq haldır ki, 2015-ci ildə ilk dəfə təşkil olunacaq Avropa Olimpiya oyunları Azərbaycanın zəngin turizm potensialının nümayişi üçün də əlverişli imkan yaradacaqdır.

Azərbaycanda sürətlə inkişaf edən turizm sektoruna böyük töhfə olan “Şahdağ” qış-yay turizm kompleksində inşa edilən, ölkə başçısı Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən otellər, bu istirahət məkanına olan marağı daha da artırmaqla, ölkənin turizm potensialının zəruri şəkildə tanıtımına imkan yaradır. Kompleksdə yaradılan şərait bir daha təsdiqləyir ki, bu gün ölkəmizdə turizm sektorunun inkişafı əsas prioritetlərdəndir. Regional turizm bazasının çoxşaxəli inkişafına yönələn strateji xətt artıq öz bəhrəsini verməkdədir. Bütün bunlar Azərbaycanın beynəlxalq turizm bazarına inteqrasiyası, turizm sahəsində beynəlxalq əməkdaşlığının daha da inkişaf etdirilməsi, ölkələrarası dialoqun və gələcək əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar yaradır. 

Baxmayarq ki, Azərbaycan 23 illik qısa tarixi müstəqilliyə və faktiki müharibə şəraitinə malik bir dövlətdir,  artıq tarixi minillərə dayanan turizm potensialının reallaşma vaxtıdır. Bunun üçün də çalışmalıyıq ki, Azərbaycanın məhz zəngin, çoxəsrlik, özünəməxsus turizm dəyərlərini layiqincə dünyaya tanıdaq. “Əvvəl evin içi, sonra çölü” prinsipini tətbiq edərək,  daxili turizm imkanlarını artırmalı, qanunvericilikdəki boşluqları tənzimləməli, problemlərin həlli yollarını müəyyənləşdirməliyik. 

Nailə Məmmədova
Azerbaijan Realities

2015-02-10 / 00:00
Facebook