Gələcəyimizin qarantı

Dünyanın əksər qabaqcıl ölkələrinin siyasi təcrübəsində gənclər siyasətinə xüsusi həssaslıqla yanaşılmasını  açıq-aydın görmək mümkündür.  Bu, heç də təsadüfi deyil.Gənclik aparıcı qüvvə olmaqla dövlətin cəmiyyətdəki dayaqlarını möhkəmləndirir, həyata keçirilən dövlət siyasətinin dəstəklənməsinə və müvəffəqiyyətlə həyata keçirilməsinə təminat verir. Gənclər dövlətin gələcək idarəçiləri, qabaqcıllarıdır. Sağlam düşüncəyə, təfəkkürə, əqidəyə malik yeni nəslin formalaşması dövlətin parlaq inkişafının qarantı rolunda çıxış edir.Gənclər zamanın istənilən kəsimində böyük yaradıcı və güc sahibi olduqlarından, onların düzgün istiqamətləndirilməsi nəticəsində dövlətçiliyin gələcəyini qorumaq mümkün olur. Bu da bir faktdır ki, gənc nəslin inkişaf səviyyəsi həmin dövlətin və ya cəmiyyətin sosial-iqtisadi, mənəvi-mədəni, eyni zamanda, siyasi həyatının tərəqqi göstəricisinə çevrilir. Bu gün Azərbaycanda gənclər dövlət siyasətinin mühüm hissəsini əhatə edir. Gənclər cəmiyyətin aparıcı qüvəsi kimi qəbul olunmaqla onların düşüncələri, fikirləri və təklifləri öyrənilir, müvafiq addımlar atılır. Ölkədə reallaşan məqsədyönlü, praqmatik, rasional gənclər siyasətinin nəticəsidir ki, Azərbaycan gəncliyi sağlam və vətənpərvər ruhda yetişir. Azərbaycan gəncləri milli-mənəvi dəyərlərin qorunmasında, elmi, intellektual potensialın reallaşdırılmasında əhəmiyyətli rol oynamağa, dövlət institutlarında təmsil olunmağa başlamış, müstəqilliyin keşiyində duran vahid qüvvə kimi formalaşmışlar. Daxili aktivlikləri ilə kifayətlənməyən gənclik müxtəlif ictimai birliklər yaradaraq ölkəmizi xarici arenada da təmsil etməyə başlamışdır. Bu isə gənclərin inkişafının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasından xəbər verir.

Müasir Azərbaycan gəncləri fəal sosial təbəqə kimi demokratikləşmə prosesində yaxından iştirak edir, mədəniyyət, incəsənət, iqtisadiyyat və digər sahələrdə nailiyyətlər qazanır, dövlətçiliyin möhkəmləndirilməsi prosesinə layiqli töhfə verirlər. Dövlət başçsının da vurğuladığı kimi gənclər əsasən ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir, sabitliyin, dinamik inkişafın qorunub saxlanılmasında mühüm rol oynayırlar.Lakin bu gün Azərbaycan gəncliyinin qarşısında həlli mürəkkəb bir sıra məsələlər dayanır. Bu problemlərin ən böyüyü, ən çətin düyünlüsü isə məhz Qarabağ problemidir. Hərtərəfli dövlət qayğısı ilə əhatələnmiş Azərbaycan gəncliyi Qarabağ həqiqətlərinin, Azərbaycan reallıqlarının dünya biriyinə çatdırılmasında, erməni vəhşiliyinin obyektiv qiymətləndirilməsində bütöv bir yumruq kimi birləşməlidir. Ümumilikdə isə biz gənclər bundan sonra da dövlətimizin parlaq gələcəyi, Vətənimizin dinamik inkişafı naminə böyük səylə çalışmalıyıq.

Nailə Məmmədova
Azerbaijan Realities

2015-02-03 / 00:00
Facebook