Hər bir ölkənin inkişafının uğurlu olması bir neçə əmsalla qiymətləndirilir. Buraya sağlamlıq, savadlılıq, təhsil səviyyəsi və iqtisadi imkanları əks etdirən göstəricilər daxildir. Bu əmsallar içərisində hər bir ölkənin təhsil səviyyəsinin hansı göstərici ilə ifadə olunması çox mühüm rol oynayır.
Elm və təhsil hər bir insana öz davamlı gələcəyini formalaşdırmaq, zəruri bilik, bacarıq, münasibətləri və dəyərləri əldə etmək üçün imkan yaradan əsas faktorlardan biridir.
Müasir dövrdə davamlı inkişaf və təhsil sistemini ayrı-ayrı mövzular kimi deyil, vahid bir system kimi nəzərdən keçirmək lazımdır, çünki davamlı inkişafı təmin edən əsas vasitələrdən ən əsası hər bir ölkənin inkişaf etmiş təhsil sistemidir.İnkişaf etmiş ölkələrdə sosial institutların gələcək inkişafı keyfiyyətli təhsillə bağlıdır. Məsələn, Yaponiya hökumətinin illik hesabatlarının birində deyilir: “...Yaponiya öz yeni texnologiyalarının inkişafını təhsilin daha yüksək səviyyəsində və ölkənin yeganə sərvəti olan yapon xalqının intellektual səviyyəsinin artmasında görür. Bütün bunlar yapon iqtisadiyyatının mövcudiyyətinin və inkişafının əsasıdır”.
Qeyd edək ki, müasir dövrdə dünya birliyi də öz fəaliyyətini davamlı inkişaf üçün ən vacib və həlledici amil sayılan təhsil və idarəetmə istiqamətində qurmuşdur. 1992-ci ildə BMT-nin Rio-de-Janeyroda (Braziliya) keçirilən "İnkişaf və ətraf mühit" adlı beynəlxalq sammitində ölkə və hökumət başçıları təhsilin inkişaf üçün həlledici faktor olduğu barədə razılığa gəlmişdilər. 2002-ci ildə isə Yohannesburqda (CAR) keçirilən sammitdə davamlı inkişaf sahəsində təhsilin əsas prioritetlərindən biri olması barədə müvafiq qərar qəbul edilmişdir. Bu təşəbbüsü yüksək dəyərləndirən BMT davamlı inkişaf üçün təhsil üzrə dekada elan etmişdir (2005-2014-cü illər).
Respublikamızda da təhsilin inkişafı daim diqqət mərkəzində olmuşdur. Xüsusən müstəqilliyini bərpa etdikdən sonra ölkə qarsısında duran ən böyük vəzifələrdən biri də təhsil sisteminin köhnə şablonlardan azad edilərək müasirləşdirilməsi və yeni ictimai-iqtisadi şəraitin tələblərinə uyğun şəkildə formalaşdırılmasına nail olmaqdır.
Ləman Xəlilova
Azerbaijan Realities