Almaniya-Azərbaycan əlaqələri strateji tərəfdaşlığa, tarixi əməkdaşlığa söykənir. Almaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir (12 yanvar 1992-ci il). İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ilin 20 fevralında qurulub. 2 sentyabr 1992-ci ildə Azərbaycanın Almaniyada səfirliyi, 22 sentyabr 1992-ci ildə Almaniyanın Azərbaycandakı səfirliyi açılıb. Diplomatik münasibətlərin yaranmasından sonra Azərbaycan - Almaniya əlaqələri ardıcıl şəkildə inkişaf edib.Avropanın aparıcı dövləti olmaqla, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafında Almaniyanın xüsusi yeri və rolu vardır.
Azərbaycan - Qafqaz ölkələri içərisində Almaniyanın sıx əlaqəyaratdığı ölkədir. Son illər dövlətlərarası iqtisadi, siyasi, təhsil, həm də mədəni sahələrdə əməkdaşlıq genişlənmişdir. 2013-cü ilin noyabrında Almaniya-Azərbaycan Ticarət Palatasının yaradılması iki ölkə arasında uzunmüddətli qarşılıqlı münasibətlər qurulmasına təkan vermişdir. Almaniya Azərbaycanın dördüncü ticarət tərəfdaşıdır və ticarətin həcmi ildən-ilə artmaqdadır. İki ölkə arasındakı ticarət dövriyyəsi 3 milyard dollara yaxınlaşır. Almaniya üçün Azərbaycan mühüm tərəfdaşdır. Bu, xüsusən də enerji sahəsinə aiddir. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan əsas aktordur.
Azərbaycan Prezidenti İlham Əliyevin 20 yanvar 2015-ci il tarixində reallaşan Almaniya səfəri yuxarıda sadalanan uğurlu əməkdaşlığın bariz isbatı oldu. Səfər çərçivəsində təşkil olunan görüşlər bir çox sahələr üzrə gələcək əməkdaşlığın müəyyən edilməsində mühüm rol oynayacaq. Almaniya Federativ Respublikasının Kansleri Angela Merkel mətbuat konfransında Azərbaycanın həm Almaniya, həm də digər Avropa ölkələrinin enerji şaxələndirilməsinə böyük töhfə verə biləcəyini vurğulaması “Cənub” qaz dəhlizi layihəsinin Almaniya tərəfindən də dəstəkləndiyini sübut edir.
Konfrans zamanı Almaniya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olmaq istəyini bəyan etmişdir. Bəyanatda qeyd olunur ki, AlmaniyaAvropa Şurası, Avropa İttifaqı bu istiqamətdə bir təşəbbüslə çıxış edərək, münaqişənin həllinə müəyyən töhfəsini verə bilər.
Səfərin gedişi, xüsusilə hökumət nümayəndələri səviyyəsində keçirilən görüşlər və mətbuat üçün səsləndirdikləri bəyanat onu deməyə əsas verir ki, tərəfdaş dövlətlər olan Almaniya ilə Azərbaycan arasındakı mövcud münasibətlər bundan sonrakı dövrdə yüksələn xətt üzrə inkişaf edəcəkdir. Prezidentin Almaniya səfəri iki ölkə arasında dostluq və tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşdirilməsi üçün mühüm mərhələnin başlanğıcı oldu. Səfər bir daha təsdiq etdi ki, Almaniya-Azərbaycan əlaqələri möhkəm zəmin üzərində qurulub və qarşılıqlı maraqlara xidmət edir.
Nailə Məmmədova
Azerbaijan Realities