Bu gün Azərbaycanın ən yaxın tərəfdaşlarından biri olan Türkiyə Cumhuriyyəti Qafqazın taleyində Rusiya və İranla birlikdə önəmli rol oynayan 3 əsas region dövlətindən biridir. Türkiyə Avropada, Yaxın və Orta Şərqdə, dünyanın digər regionlarında əsasən qərbyönlü, NATO ölkələri ilə uyğunlaşdırılmış siyasət yeritsə də, bəzi məsələlərdə öz xüsusi maraqları çərçivəsində hərəkət edir. Xüsusən, bu ölkənin Yaxın və Orta Şərq dövlətləri, müsəlman dünyası, Cənubi Qafqaz və digər region ölkələri ilə münasibətlərində Qərbin, NATO-nun və beynəlxalq hüquq normalarının tələbləri həm də dini, etnik və regional faktorlar nəzərə alınmaqla həyata keçirilir ki, bu da bəzən onu qərbli tərəfdaşları ilə üz-üzə qoyur. Lakin bununla belə, Türkiyə artıq keçən əsrin ortalarından Qafqazda təkcə öz maraqlarını deyil, bütün Qərb dünyasının, NATO üzvü olan digər dövlətlərin də birgə mənafeyini qorumaq missiyasını öz üzərinə götürmüşdür.
Dərin tarixi köklərə malik Azərbaycan – Türkiyə əlaqələri hər iki dövlət üçün xüsusi əhəmiyyət kəsb edir. Din, dil, mədəniyyət, adət-ənənə birliyi tarix boyu hər iki dövlətin maddi və mənəvi mədəniyyətinə, qarşılıqlı münasibətlərin inkişafına çox güclü təsir göstərmişdir. Məhz bu amillərə görə Türkiyə Azərbaycanla əlaqələrə çox ciddi əhəmiyyət verir və respublikamızla bağlı Qafqazda cərəyan edən hadisələrə fəal müdaxiləsi ilə seçilir.
Bunu, Azərbaycan Prezidenti İlham Əliyevin 15 yanvar 2015 tarixində Türkiyəyə rəsmi səfəri zamanı keçirilən görüşlər, aparılan danışıqlar, imzalanan müqavilələr də bir daha təsdiq etdi.
Qeyd edək ki, yanvarın 15-də Ankarada Prezident İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclası keçirilmişdir və iclasda Azərbaycan ilə Türkiyə arasında iqtisadiyyat, enerji, energetika, nəqliyyat, müdafiə, humanitar sahələrdə əməkdaşlığın perspektivləri, Bakı-Tbilisi-Qars, TANAP layihələri ilə bağlı işlərin uğurlu gedişi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə olunmuş, ikitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılmışdır. İclasın yekunu olaraq “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 15 yanvar 2015-ci il tarixində keçirilmiş dördüncü iclasının nəticələrinə dair Birgə Bəyanat” Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmışdır.
Belə ki, Prezident İlham Əliyevin 2015-ci ildə ilk rəsmi səfərinə Türkiyə Cumhuriyyətindən başlaması iki ölkə arasındakı əməkdaşlığın dayanıqlığını sübut edərək, bütün sahələrdə - hərbi, siyasi, iqtisadi, ticari, mədəniyyət və təhsil sahələrindəki münasibətlərin yüksək səviyyəyə qaldırılması istiqamətində addımların davam edəcəyinə təminat verdi.
Ləman Xəlilova
Azerbaijan Realities