Azərbaycan və Gürcüstan: strateji tərəfdaşlığa doğru

Azərbaycan və Gürcüstan Respublikaları arasında siyasi münasibətlər strateji xarakter daşısa da, xarici siyasətdə bir qədər fərqlər mövcuddur. Məlum olduğu kimi, SSRİ-nin süqutundan sonra öz xarici siyasətini balanslı şəkildə quran Azərbaycandan fərqli olaraq, Gürcüstan Respublikası daha çox Qərblə siyasi, iqtisadi və hərbi inteqrasiyaya meyl edir. Cənubi Qafqazla bağlı regional xarici siyasətində isə mütəxəssislər hesab edir ki, Gürcüstan Respublikası Ermənistanla münasibətlərdə praqmatik əməkdaşlığa, Azərbaycanla münasibətlərdə isə strateji tərəfdaşlığa əhəmiyyət verir.

Məlumdur ki, Sovet İttifaqının dağılması nəticəsində Cənubi Qafqaz dövlətlərinin müstəqillik qazanması ilə geostrateji əhəmiyyəti böyük olan bu bölgədə güclü dövlətlərin öz mövqeyini möhkəmləndirməsi cəhdi artmağa başlamışdır. Bu parçalanmadan sonra Şərqlə Qərb arasında körpü rolu oynayan Cənubi Qafqazda Gürcüstanın coğrafi mövqeyi, Azərbaycanın iqtisadi potensialı, təbii ehtiyatlarla zənginliyi və bölgədə nüfuzunun güclənməsi, Ermənistanın isə Rusiya ilə hərbi müttəfiqliyi Cənubi Qafqaz regionunun strateji əhəmiyyətini artıran faktorlar sırasındadır. Məhz bu səbəbdən də dövlətlərarası rəqabətin mövcud olduğu bölgələrdən ən mürəkkəbi Cənubi Qafqaz regionudur.

Qeyd edək ki, Cənubi Qafqaz regionunda başda Azərbaycan olmaqla, Türkiyə və Gürcüstan Respublikaları üçün ən böyük təhdid də məhz Ermənistan Respublikasıdır. Bunu onunla izah etmək olar ki, uzun illər boyu qonşu dövlətlərin torpaqlarını ələ keçirmək istəyi və bununla da ərazilərini genişləndirmək niyyəti ilə bu niyyəti reallaşdırmaq üçün daim Rusiyadan dəstək alan Ermənistan hazırda bölgədə gedən ən böyük münaqişənin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəbkarıdır. Xüsusən, Rusiyadan gələn dəstək hesabına bölgədə sabitliyin pozulmasında əsas rol oynayan Ermənistanın bu fəaliyyəti Cənubi Qafqaz dövlətlərinin birləşməsi, burada sülhün və təhlükəsizliyin təmin olunmasını əngəlləyir.

Bu cür şəraitdə Respublikamız xarici siyasətində tarazlığı qoruyub saxlamağa çalışsa da, Gürcüstan Respublikası Qərblə münasibətlərə daha çox üstünlük verməklə, birtərəfli siyasət yeridir və bu da onun Rusiya ilə münasibətlərində ciddi gərginliyin yaranmasına səbəb olur. Rusiya isə Gürcüstanın bu siyasəti nəticəsində Qafqazdakı mövqelərinin itirilməsi təhlükəsi ilə qarşı-qarşıya qaldığı üçün burada potensial münaqişələrdən istifadə edir. Respublikamız isə bu məsələdə də, maksimum bitərəf mövqe tutmaqla hər iki tərəflə münasibətlərini qoruyub saxlamağa çalışır. 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında 5 gün davam edən müharibə zamanı Azərbaycanın tutduğu mövqe və Gürcüstana etdiyi yardımlar onun balanslı siyasətinə misaldır.

Bundan başqa, Azərbaycan və Gürcüstan Respublikalarının müstəqil daxili və xarici siyasət aparmaq, eləcə də, demokratik prinsiplərə dayanan idarəetmə mexanizmlərini formalaşdırmaq istəyinin müxtəlif dövrlərdə Rusiyanın təqibi ilə üzləşməsi, həmçinin Cənubi Qafqazda Ermənistanın separatizm meylləri bölgədə sülh və təhlükəsizliyə təminat məsələsini daha çox Azərbaycan və Gürcüstan Respublikaları üzərinə qoymuşdur.

Beləliklə, yaranmış bu situasiyadan irəli gələrək iki dövlət möhkəm dostluq və qonşuluq əlaqələrini strateji tərəfdaşlığa çevirərək bu gün bir çox sahədə bir-birinə dəstək nümayiş etdirirlər. Bu tərəfaşlığı rəsmiləşdirən əsas məqam isə 2002-ci ilin aprelində Azərbaycan, Türkiyə və Gürcüstanın imzaladığı “Trabzon razılaşması”dır. Gürcüstanın 2008-ci il mart ayının 14-də BMT Baş məclisində “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair” qətnamənin qəbulu ilə bağlı keçirilmiş səsvermədə qətnamənin lehinə səs verməsi bir strateji tərəfdaş kimi Respublikamızın üzləşdiyi bu problemdə ona dəstəyini göstərir.

Qeyd edək ki, 2014-cü ildə Gürcüstanda baş verən hakimiyyət dəyişikliyi və Georgi Marqvelaşvilinin Gürcüstan prezidenti seçilməsi münasibətlərdə hər hansı bir dəyişikliklə nəticələnməmişdir. Əksinə yeni rəhbər də Azərbaycanla münasibətlərdə dostluq və mehriban qonşuluq prinsiplərini inkişaf etdirmək missiyası götürmüşdür. Elə seçkilərin ardınca Gürcüstan prezidentinin Azərbaycan Respublikasına rəsmi səfərə gəlişi də bunu sübut etdi. Belə ki, 2014-cü ilin fevralın 12-də Azərbaycanda rəsmi səfərdə olan Georgi Marqvelaşvili mətbuata verdiyi bəyanatında bildirmişdir ki, Azərbaycan Gürcüstan üçün nəinki böyük layihələr, neft və qaz, eləcə də nəqliyyat sahəsində əməkdaşlıq, o cümlədən mədəniyyət, elm və fərdlər arasında münasibətlər baxımından olduqca vacibdir.

Ləman Xəlilova
Azerbaijan Realities
 

2015-01-27 / 00:00
Facebook