Azərbaycan tarixinə həm şərəfli, həm də faciəvi bir gün kimi daxil olmuş 20 yanvar gecəsi əbədi yaddaşlara həkk olunmuşdur. Bu gün Azərbaycanın qəhrəmanlıq salnaməsinin unudulmaz səhifəsi, azərbaycanlı birliyinin, vətənpərvərliyinin təcəssümüdür. 20 yanvar Azərbaycan millətinin mübarizliyinin, əyilməzliyinin, məğrurluğunun, əzmkarlığının nümayişidir. Günahsız insanların qətli ilə nəticələnən bu gecə - qanla yazılmış şanlı tariximiz - azərbaycanlı kimliyinin məğlubedilməzliyini bir daha sübut etdi.
Yüzlərlə guünahsız, qəlbləri Vətən sevgisi ilə döyünən insanların qətli ilə nəticələnən olay anti-Azərbaycan siyasət yürüdən, idarəçilik bacarığına malik olmayan Qorbaçov başda olmaqla Sovet imperiyası rəhbərliyinin Azərbaycana qarsı bağışlanılmaz cinayəti, qara səhifəsidir. Təəssüf ki, belə mütəşəkkil təşkil olunmuş cinayət hələ də cəzasız qalır. Bu gün dünya 20 yanvar hadisələri ilə bağlı kifayət qədər məlumatlara malik deyil. Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 184 mülki vətəndaş öldürülmüş, 600-dən çox adam yaralanmış, 800-dən çox adam həbsə atılmışdı. Öldürülənlər arasında beş millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi. Yanvarın 20-si fövqəladə vəziyyət elan edildikdən sonra daha 21 nəfər, fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda (Neftçala, Lənkəran) isə 26 nəfər öldürülüb.
"Qara Yanvar"ın indiyədək özündə saxladığı sirlər çoxdur. 100 cildlik istintaq materialının 69 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparılıb və bir daha geri qaytarılmayıb. Azərbaycan xalqının məruz qaldığı bu təcavüz indiyədək bəşəriyyət əleyhinə cinayət kimi beynəlxalq müstəvidə layiq olduğu təsnifatı almayıb. Bu faciə ilə insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən “Ümumdünya İnsan hüquqları Bəyannaməsi”nin tələbləri kobudcasına pozulmuşdur. Lakin dünya birliyi hələ də yüzlərlə insanın vəhşicəsinə ölümü ilə nəticələnən fəlakətə göz yumur. Hadisəyə beynəlxalq hüquqi-siyasi qiymət verilməli, cinayətkarlar cəzasız qalmamalıdır.
Hər bir azərbaycanlı üçün şərəf tariximiz yaddaqlan və unudulmaz olmalıdır. Bizim boya-başa çatdığımız, yaşadığımız bu torpaqlar Vətən uğrunda özünü fəda etmiş, canından keçmiş şəhidlərimizin qanı ilə suvarılmışdır. Məhz 20 yanvar gecəsi şəhidlərimiz öz qanları ilə şərəfli bir tarix yazdılar. Bu tarixi gün Azərbaycanın müstəqilliyinin qazanılmasına imza atdı. Belə bir fikir var ki, şəhidi olmayan millət torpaq məhəbbətindən, yurd sevgisindən məhrumdur. Şəhidi olmayan millətin kimliyi bilinməz. Azadlığı qanı ilə, canı bahasına qazanmayan millət hər zaman kölə kimi yaşamağa alışar, mübarizədən kənarlaşar. Bizim bugün bu torpaqlarda rahat, müstəqil yaşamamızın səbəbkarları daim heç bir mübarizədən çəkinməyən, qanı, canı bahasına Vətən torpaqlarını müdafiə edən şəhidlərimizdir. Biz çoxmilyonlu azərbaycan milləti, ölkə vətəndaşları Vətənimizdə azad və məsud yaşamağmıza görə onların ruhlarına borcluyuq. Necə deyərlər, “ şəhidlər ölməz, vətən bölünməz”!
Nailə Məmmədova
Azerbaijan Realities