Yeni uğurlu ilə doğru

Hər bir ölkənin tarixində illər müxtəlif şəkildə xatırlanır. Məsələn bəzi ölkələrin  yaddaşına 2014-cü il ixtilaf, çatışma, böhran ili olaraq, bəzi ölkələrin isə inkişaf ili olaraq həkk olundu. Azərbaycan üçünsə yola saldığımız il bir çox yenilikləri, nailiyyətləri ilə yadda qaldı.  Dünyadakı hadisələrin qarışıq olmasına baxmayaraq, 2014-cü il Azərbaycanımızın beynəlxalq nüfuzu, siyasi uğurları baxımından məhsuldar il olaraq qiymətləndirildi. Bu il istər iqtisadi, istər siyasi, mədəni uğurları baxımından Azərbaycan tarixində öz yerini tutdu.

2015-ci ildən isə, istər Azərbaycanın siyasi, istərsə də iqtisadi uğurları ilə bağlı gözləntilərimiz daha böyükdür. Nəzərə almaq lazımdır ki, yeni -2015-ci il, əsasən, Avropa oyunları ilə Azərbaycan, eləcə də dünya tarixində həkk olunacaq. Bu oyunların  idman tədbiri olmasına baxmayaraq, siyasi, iqtisadi özəllikləri daha çoxdur. Həmin hadisə Azərbaycanın nüfuzunun, gücünün, reallıqlarının, gözəlliklərinin, siyasi və iqtisadi uğurlarının nümayişi üçün əla bir imkandır. Bu amil beynəlxalq birlik tərəfindən Azərbaycana etibar olunduğunu bir daha təsdiq edir.

10 yanvar 2015-ci il tarixində Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında  Prezident İlham Əliyevin “2015-ci il dünya üçün asan il olmayacaq” deməsi bu ilin də bir çox problemlər doğuracağını, 2014-dən qalan bəzi problemlərin bu il də davam edəcəyini təsdiqləyir. İqtisadi böhran, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi, inflyasiya səviyyəsinin dəyişməsi və s. bu kimi problemlər 2015-ci ildə də düzgün, düşünülmüş siyasi strategiya reallaşdırmağı dövlətin qarşısına məqsəd kimi qoyur. Bu baxımdan, ölkə başçısı bu işdə hökumət nümayəndələrinin, dövlət qurumlarının üzərinə böyük məsuliyyət düşdüyünü vurğulamışdır. Azərbaycan qarışıq siyasi, iqtisadi problemlərlə dolu olan 2014-cü ili də ağıllı strateji planlama sayəsində uğurlu nəticələndirdi. Bütün sadalananlar onu deməyə əsas verir ki, ölkəmiz 2015-ci ildə də qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcək və bu ili də qətiyyətli şəkildə başa vuracaq.

Nailə Məmmədova
Azerbaijan Realities
 

2015-01-19 / 00:00
Facebook