Paris “satirik” terroru

Fransada fəaliyyət göstərən, yalnız İslam dini deyil, bütün səmavi dinlər haqqında karikaturalar dərc edən “Charlie Hebdo” satiriknəşrinə qarşı təşkil olunan silahlı hücum əsasən qətliam xarakteri daşıyır. Əlbəttə, bu qətliam qorxuncdur və özü ilə birlikdə bir çox suallar doğuracaqdır. Həmçinin bir çox saxta məlumatlar, gərəksiz şübhələr yaradacaqdır.

Danılmaz faktdır ki, bu hadisə ilə islamofobiya yenidən gündəmə gəldi. Xüsusilə Qərbdə demək olar ki, yeni bir mərhələyə qədəm qoydu. Hadisə, Qərbdə İslama qarşı narazılıqların gücləndiyi bir vaxtda, həmçinin vaxtilə İslam peyğəmbəri Muhəmməd Peyğəmbərin karikaturasını dərc edən qəzetdə törədildi. Bu isə İslam amilinin ön plana çıxmasına “tutarlı” əsas verdi. Lakin nəzərə almaq lazımdır ki, bu jurnal digər dinləri də daim təhqir edir, bu səbəbdən dini icmaların narazılığına səbəb olurdu. Yəhudi icmaları dəfələrlə jurnalın karikaturaları ilə barışmayaraq məhkəməyə vermişdi. Məhəmməd Peyğəmbərin karikaturası isə 2006-cı ildə dərc olunub. Bu baxımdan, hücumu sırf  Peyğəmbərin karikaturası ilə əlaqələndirmək bir qədər ziddiyyətlidir. Jurnal qalmaqallı karikaturalar dərc etdiyi üçün uzun müddət təhdid altında olmuş, hətta bəzən bombalı hücumlara hədəf olmuşdur. Bu cür neqativ hallarla qarşılaşmamaq üçün Fransa hökuməti jurnalın redaksiya heyətinin təhlükəsizliyini qorumağı öz himayəsinə götürmüşdür.

Şahidlərin ifadələrinə görə isə terrorçular hadisə yerindən qaçarkən “Peyğəmbərin intiqamı alındı” deyə qışqırırmışlar. İngiltərənin “Mirror” qəzetində hadisə şahidlərdən birinin ifadəsi yer almışdır. Qəzet qapını açan terroristlərin “Biz Əl-Qaidəyik” deyə bağırdığını iddia edən yazı dərc etmişdir. Kimliyi müəyyən edilən terrorçulardan 34 yaşlı Səid Kuaşinin  “Əl-Qaidə” düşərgəsində bir neçə ay təlim keçməsi, onun qardaşı 32 yaşlı Şərif Kuaşinin isə 10 il əvvəl İraqdakı silahlılara qoşulmaq cəhdinə görə 1,5 il azadlıqdan məhrum olması faktı vəziyyəti bir qədər də qəlizləşdirmişdir. Fransada mövcud olan İslam icmasının bəyanatında müsəlmanların da eyni dərəcədə terror təhlükəsində olduğu bildirilmişdir. Terror hadisəsindən sonra bir gün ərzində Fransada 3 məscidin yaxınlığında bomba partladılmışdır. Bunun özü isə yeni bir terror həyəcanını gündəmə gətirir. Hər bir terror hadisəsində kimin kimə qarşı etdiyindən başqa, qaranlıq məqamları özündə ehtiva edən gizli bir səbəb olur. Çünki terror hər hansı bir məqsədə xidmət etmək üçün törədilir.  Hər hansı bir “siyasi tələ”, “siyasi oyun”  yaratmaq üçün də terror baş verə bilər. Ona görə də terror hadisəsi nə qədər geniş şəkildə, detalları ilə araşdırılsa, rəsmi mövqe bildirilsə də gizliliyini və şübhəliliyini qorumaqda davam edir. 

Fransa hadisələri, bir terror kimi qiymətləndirilsə də, onun Müsəlmanlıqla bir yerdə səslənməsinə, İslamofobiya və irqçi düşüncələri yaymasına əngəl olmaq lazımdır. Terrorun dini, milliyyəti, irqi olmur. Dinə ləkə salmaqla problemin öhdəsindən gəlməyə çalışmaq yanlış, effektsiz bir addım olar. Charlie Hebdo sadəcə İslama deyil, Xristianlığa da lağ edən, dinlərə qarşı təhqiredici məlumatlar paylaşan bir jurnaldır.  Fransa prezidenti Fransua Olland da verdiyi açıqlamasında bildirmişdir : "Bugünkü terror antisemit bir hücum idi. Ancaq bunların nə İslamla, nə də dinlə bir əlaqəsi var".

Lakin bütün bunlara baxmayaraq, maraqlıdır ki, terror deyilən kimi ilk ağıla gələn müsəlmanlar – İslam dünyası oldu...Bu hadisə provokasiya xarakterli, İslamı təhrif etməyə yönəlmiş bir aktdır. Unutmayaq ki, belə hadisələr tarixdə çox təkrar olunubdur...

Nailə Məmmədova
Azerbaijan Realities
 

2015-01-19 / 00:00
Facebook