İki ölkəni birləşdirən əsas amillər

Bu gün Azərbaycanla Gürcüstanı birləşdirən əsas amil iqtisadi sahədə əməkdaşlıqdır. Daha dəqiq desək, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri ikitərəfli əməkdaşlığın əsas fəaliyyət istiqamətləridir.  1998-ci il sentyabrın 7-8-də keçirilmiş tarixi Böyük İpək yolunun bərpası üzrə Beynəlxalq Konfransın nəticəsi olaraq Azərbaycan-Gürcüstan sərhədində yeni körpünün açılışı, 1999-cu il aprelin 17-də isə Bakı-Supsa neft kəmərinin işə salınması, 2005-ci il mayın 24-25-də Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Azərbaycan, oktyabrın 12-də isə Gürcüstan hissəsinin istifadəyə verilməsi, 2006-cı il sentyabrın 30-da Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşasının başa çatdırılması və ilk nəqlinə başlanması qarşılıqlı faydalı əməkdaşlığın yüksələn xətlə inkişafına imkan yaratmışdır.

2010-cu ilin iyul ayında Gürcüstana işgüzar səfəri zamanı mətbuat üçün bəyanat verən Azərbaycan Prezidenti həyata keçirilən bu mühüm layihələrlə bağlı demişdir: “...Bizi birləşdirən böyük, nəhəng, dünya miqyaslı layihələr vardır. Biz bunları birlikdə icra etmişik. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri bu gün, nəinki, Gürcüstanın və Azərbaycanın maraqlarını təmin edir, eyni zamanda, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi işinə də öz töhfəsini verir”.

Getdikcə güclənən və iqtisadi qüdrəti artan Respublikamızla bu cür mühüm layihələrdə birgə iştirak, təbii ki, Gürcüstan Respublikasının da iqtisadi vəziyyətinin yaxşılaşdırılması, ölkəyə qoyulan investisiyaların artması və böyük mənfəət əldə etməsi baxımından əlverişlidir. 2003-cü ildə Gürcüstanda qeydə alınan iqtisadi artım da bunu bir daha təsdiq edir.

Qafqaz ölkələri arasında birinciliyi qoruyub saxlayan Azərbaycanla birgə iqtisadi layihərə bu gün də əhəmiyyət verən Gürcüstan Respublikası bu cür qarşılıqlı-faydalı əməkdaşlığı inkişaf etdirmək üçün çalışır. Ona görə ki, Azərbaycan hər zaman Gürcüstanın sosial-iqtisadi durumunun yüksəlməsinə öz töhfəsini vermişdir. Eyni zamanda, regionunun lider dövləti olaraq, Azərbaycan Cənubi Qafqaz bölgəsinin inkişafında, eləcə də burada siyasi sabitliyin təminatında xüsusi rol oynamışdır və oynamağa davam edir.

Ləman Xəlilova
Azerbaijan Realities

2015-01-19 / 00:00
Facebook