Ermənistandakı “Metsamor” Atom Elektrik Stansiyası dünyadakı ən təhlükəli stansiyalardan biridir. Ermənistanın paytaxtı İrəvandan təxminən 40 km qərbdə (Metsamor şəhərində) yerləşən bu stansiyanın tikintisinə Sovet İttifaqı dövründə - 1973-cü ildə başlanılmış, 1979-cu ildə isə istismara verilmişdir. 1998-ci ildə Ermənistanda baş vermiş zəlzələnin mərkəzi “Metsamor” stansiyasından 75 kilometr aralıda idi. O zaman sovet hakimiyyəti təhlükəsizlik sarıdan narahatlığa görə bu stansiyanın fəaliyyətini dayandırmışdı. Amma 1995-ci ildə ciddi enerji böhranı ilə üzləşən Ermənistan hökuməti beynəlxalq tənqidlərə baxmayaraq, stansiyanın işini bərpa etdi. Stansiyanın keçmiş baş direktoru Suren Azatyan müsahibələrindən birində hələ də “Metsamor”dan radioaktiv maddələr sızmadığına əmin olmadığını bildirmişdi. 1995-ci ildə Avropa və ABŞ tərəfindən “Metsamor” stansiyasının təhlükəsizlik standartlarının artırılmasına milyonlarla dollar pul xərclənib. Bununla belə, Avropa Birliyi bu stansiyanı köhnə və az etibarlı olaraq qiymətləndirmişdir.
Təkcə dünya ekspertlərinin deyil, Ermənistanın aparıcı ekspertlərinin stansiyanın vəziyyəti ilə bağlı verdikləri proqnozlar heç də ürəkaçıcı deyildir. Erməni ekoloji təşkilat fəalları hesab edirlər ki, “Metsamor” olduqca təhlükəlidir. Ermənistanda Yaşıl Birlik adlı qeyri-hökumət təşkilatının rəhbəri Hakob Sanasaryan stansiyadan gələn təhlükəni belə izah edir: “Stansiyanın çevrəsində 5 tektonik çat var. Onlardan biri stansiyadan 34 kilometr, biri 16 kilometr, daha biri isə 500 metr məsafədədir. Bunu bilə-bilə iddia edirlər ki, həmin stansiyanın heç bir təhlükəsi yoxdur”. Britaniyadakı nüvə fizikası üzrə mütəxəssis Frank Barnaby isə hesab edir ki, “Metsamor” stansiyasının dizaynı və yaşı onun zəlzələyə davamlı olmasına şübhələr yaradır. Stansiyanın bütövlükdə region üçün təhdid olması 2011-ci ildə dünyaca məşhur “National Geographic” jurnalının “"Metsamor" stansiyası dünyada ən təhlükəli AES-dir?" başlıqlı məqaləsində qeyd olunmuşdur. Avstriya Tətbiqi Ekologiya İnstitutunun əməkdaşı Antonio Venis jurnala açıqlamasında bildirmişdir ki, son illər stansiyada həyata keçirilən təhlükəsizlik tədbirlərinə baxmayaraq, təhlükəsizliyin ümumi səviyyəsi heç də əhəmiyyətli dərəcədə yaxşılaşmayıb.
“Metsamor” AES-də baş verə biləcək hər hansı bir fəlakət heç də Çernobıldan geri qalmayacaqdır. Ermənistanın region üçün böyük faciə rolunu oynayan həmin Atom Elektrik Stansiyasının fəaliyyətini dayandırmaması beynəlxalq öhdəliklərin yerinə yetirilməməsidir. Ona görə də dünya birliyi bu təhlükənin mahiyyətini aydın şəkildə dərk etməli və lazımi tədbirlər həyata keçirməlidir. Azərbaycan daim problemin aktuallığı ilə bağlı həyəcan təbili çalsa da müəyyən siyasi maraqlar naminə hələ də obyektiv, vahid reaksiya qəti şəkildə bildirilməmişdir. Lakin nəzərə almaq lazımdır ki, bu sakitlik böyük bir faciənin başlanğıcı ola bilər. Bu faciəni önləmək üçün yeganə seçim yalnız birgə mübarizədir.
Nailə Məmmədova
Azerbaijan Realities