Ümummilli Liderin müstəqil Azərbaycan dövləti qarşısında göstərdiyi ən böyük xidmətlərdən biri ölkənin iqtisadi yüksəlişinin təməlini qoyan “Əsrin müqaviləsi”nin imzalanması olmuşdur. Bu müqavilənin gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən, Azərbaycanın zəngin təbii sərvətlərindən xalqın rifahı naminə daha da səmərəli istifadə etmək məqsədi güdən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürü idi. Böyük Öndərin müəllifliyi ilə hazırlanmış və ümumxalq səsverməsi nəticəsində 1995 – ci ildə qəbul olunmuş, dövlət quruculuğunun hüquqi bazasının əsasını təşkil edən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası onun Azərbaycan dövlətçiliyi qarşısında tarixi xidmətlərindən biridir. Qeyd edək ki, Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra da Azərbaycan təhsilinin inkişafına qayğısını, diqqətini əsirgəməmişdir. 1998-ci ildə “Təhsil Sahəsində İslahat Proqramı”nın hazırlanması üçün yaradılan xüsusi dövlət komissiyası Azərbaycan təhsilinin gələcək inkişaf konsepsiyasını müəyyənləşdirdi. Onun Azərbaycan elminə ən böyük töhfələrindən biri də Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının yaradılması barədə tarixi qərarıdır. Azərbaycan Respublikası Prezidentinin 1999 – cu il 3 yanvar tarixli fərmanı ilə yaradılmış Akademiyanın məqsədi müstəqil Azərbaycanda demokratik ölkələrin zəngin təcrübəsinə əsaslanan mükəmməl, çevik, və mütərəqqi dövlət idarəçilik sistemi formalaşdırmaq idi.
Bundan başqa, Ümummilli Liderin 1998-ci il fevralın 10-da ölkəmizdə ölüm hökmünü ləğv etməsi onun insan hüquq və azadlıqlarına verdiyi yüksək dəyərin əyani təzahürüdür. Böyük Öndərin bu addımı sayəsində 2001-ci ilin yanvar ayında Avropa Şurasına tamhüquqlu üzv qəbul edilən Azərbaycan Respublikası artıq 13 ildir ki, bu təşkilatın tribunasından istifadə edərək, öz həqiqətlərini dünya ictimaiyyətinə çatdırır. Həmçinin, Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. Onun formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq ideologiyası Azərbaycanın müasir dünyada yerini müəyyən etmiş, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. 2001 – ci il noyabrın 9 – 10 – da Bakı şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının 1 – ci qurultayı ölkənin ictimai – siyasi həyatında və dünya azərbaycanılarının həmrəyliyinin güclənməsi işində əlamətdar hadisə olaraq Heydər Əliyevin azərbaycançılıq ideyalarının təntənəsinə çevrilmişdir. Ulu Öndərin ən çox diqqət göstərdiyi əsas məsələlərdən biri ana dili məsələsi olmuşdur. Bununla bağlı 1995-ci ildə Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada öz əksini tapması, 18 iyun 2001 – ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanı ilə latın qrafikasına keçmək barədə qərarın qəbulu və 9 avqust 2001 – ci il tarixli “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərman Azərbaycan dövlətinin milli simasını müəyyən etmişdir. Təbii ki, onun Azərbaycan xalqı üçün, vətəni üçün fəaliyyəti sadalamaqla bitməz. Mənalı ömünün tam bir qərinəsini siyasətə, qurub – yaratmağa həsr etmiş cənab Heydər Əliyevin Vətən və xalq qarşısındakı xidmətlərini heç nə ilə müqayisə etmək olmaz.O, elə bir şəxsiyyətdir ki, istər ölkə daxilində, istərsə də, onun hüdudlarından çox – çox uzaqlarda daim mənsub olduğu xalqa başucalıq nüfuz və hörmət gətirmişdir. Heydər Əliyev cənabları Azərbaycan üçün o qədər tarixi əhəmiyyətli işlər görmüşdür ki, onları əvvəlki rəhbərlərin gördükləri ilə nə müqayisə etmək mümkündür, nə də mahiyyətcə eyniləşdirmək. Ölkəmiz naminə Ulu Öndərin sərf etdiyi misilsiz əmək heç vaxt yaddaşlardan silinməyəcəkdir.
Ləman Xəlilova
Azerbaijan Realities