Azərbaycanın təhlükəsizlik sistemi

Hər bir milli dövlətin təhlükəsizliyi regional və qlobal təhlükəsizliklə bağlıdır. Ümumi şəkildə desək, dövlətin təhlükəsizlik siyasətinin əsas məqsədi xarici aləmlə təmas zamanı ölkənin həyat əhəmiyyətli milli maraqlarını qorumaq və yüksək səviyyədə təmin etməkdən ibarətdir. Dövlətin milli maraqları, milli təhlükəsizliyi və nüfuzu həm beynəlxalq hüququn subyekti kimi dünyada nəzərə alınır, həm də dövlətin özünün daxili və xarici ehtiyatlarının köməyi ilə təmin olunur.

Bu baxımdan Azərbaycan Respublikasının müstəqilliyini möhkəmləndirən əsas amillərdən biri məhz milli təhlükəsizlik sistemidir. Azərbaycanın milli təhlükəsizlik strategiyası Azərbaycan dövlətinin həyati vacib maraqlarını qorumağa, idarə etməyə və gələcəyə yönləndirməyə istiqamətlənmiş  ideyaların məcmusundan ibarətdir.

Milli təhlükəsizlik sisteminin yaradılması aşağıdakı şərtlərdən irəli gəlir:

- Azərbaycan əlverişli coğrafi mövqeyə , zəngin enerji resurslarına, təbii iqlimə, sərvətli torpağa malikdir;

- İqtisadi inteqrasiya;  daxili bazar, əmək ehtiyatları, sosial infrastruktur mövcuddur.

2010-ci il iyunun 8-də qəbul olunan Hərbi doktrina Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təminatı strategiyasının tərkib hissəsi olaraq, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin daxili və xarici hərbi və digər təhdidlərdən qorunmasına yönəlmiş hərbi təhlükəsizlik sisteminin konseptual əsasını müəyyənləşdirən sənəddir. Hərbi doktrina hərbi təhlükəsizliyə təhdidlərin vaxtında aşkarlanması, qiymətləndirilməsi, qarşısının alınması, dövlətin, əhalinin və ərazinin müdafiəyə hazırlanması, səmərəli hərbi təhlükəsizlik sisteminin yaradılması, silahlı təcavüzün dəf edilməsi ilə bağlı məsələlərə dair Azərbaycan Respublikasının mövqeyini əks etdirir.

Azərbaycanın təhlükəsizliyi bütün regionun təhlükəsizliyi üçün olduqca əhəmiyyətlidir. Bu, Azərbaycanda regionda olan enerji ehtiyatlarının dünya bazarlarına çatdırılması üçün ölkənin sabit və təhlükəsiz yaşamasının təmin olunmasına yardım etmək deməkdir. Qlobal iqtisadi layihələrdə Azərbaycan  sıradan birisi kimi deyil, əsas aparıcı dövlətlərdən birisi kimi iştirak edir.

Azərbaycan Respublikası beynəlxalq təhlükəsizliyin təmin edilməsi istiqamətində davamlı fəaliyyətini öz milli maraqlarına və milli təhlükəsizliyinə yönəlmiş təhdidlərin aradan qaldırılmasına istiqamətlənmiş tədbirlərlə uzlaşdırılmış şəkildə həyata keçirir. Hazırda ölkəmizin qarşısında duran əsas problem ərazi bütövlüyünün bərpası ilə bağlıdır. Respublikamız beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq işğal altında olan ərazilərin qaytarılması istiqamətində ciddi kompleks tədbirləri həyata keçirməkdədir. Ermənistan tərəfindən Azərbaycan dövlətinə qarşı belə bir hərbi-siyasi aksiyanın həyata keçirilməsi sülh, demokratiya, sabitlik və əməkdaşlıq prinsipləri ilə heç cür bir araya sığmır.

Nailə Məmmədova
Azerbaijan Realities
 

2015-01-13 / 00:00
Facebook