Dünya Azərbaycanlılarının Həmrəylik Günü

Minilliklər boyu özlərinin doğma torpağı olan tarixi Azərbaycan ərazisində yaşayaraq dünya sivilizasiyasına böyük töhfələr verən xalqımız  müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində parçalanmaya məruz qalmış, müxtəlif dövrlərdə deportasiyalar nəticəsində bir-birindən ayrı düşmüşdür. Bu və digər səbəblərdən dünyanın müxtəlif ərazilərinə yayılan xalqımızda XX  əsrin 80-ci illərinin axırlarından başlanan siyasi proseslərlə  əlaqədar həmrəylik hissi güclənmişdir. Bu işdə təbii ki, ümummilli lider Heydər Əliyevin çox böyük rolu olmuşdur. Məhz onun son dərəcə yüksək məharəti, uzaqgörənliyi ilə həyata keçirilən tədbirlər sayəsində   80 – ci illərin sonu 90 –cı illərin əvvəllərində, yəni, müstəqillik hərəkatının geniş vüsət aldığı dövrdə xalqımızın mübarizlik ruhu formalaşmışdır. Bununla da xalqımızda milli özünüdərk hissi daha da güclənmişdir.

Elə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası da 80-ci illərdən, daha dəqiq desək, 1989-cu ildə qoyulmuşdur. Belə ki, 1989-cu ilin noyabrında  Şimali və Cənubi Azərbaycan arasında çəkilmiş sərhəd çəpərlərinə qarşı başlanan xalq etirazı Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Azərbaycan sərhədinin (SSRİ – İran sərhəddinin) dağıdılması ilə nəticələnmişdir. Bununla da "Sərhəd hərəkatı" adı ilə başlanan bu siyasi aksiya 1989-cu il dekabrın 31-də azərbaycanlıların həmrəylik hərəkatına çevrilmişdir. Məhz bu gün Azərbaycan xalqının birləşmək istəyinin simvolik nişanı olmuşdur.

Ümummilli lider Heydər Əliyevin xalqımız və Vətənimiz qarşısında göstərdiyi tarixi xidmətlərindən biri də göründüyü kimi, dünya azərbaycanlılarının birliyi, soydaşlarımızın həmrəyliyi ideyasını irəli sürərək bunun gerçəkləşməsi uğrunda fəaliyyətə can atması olmuşdur. Bu istiqamətdə ilk addımı da məhz Ulu Öndər atmışdır. Onun təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi "Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında" 1991-ci il 16 dekabr tarixli qərarı ilə dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etmişdir.

Qeyd edək ki, bu günün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi tarixə yazılması Azərbaycan milli diaspor və lobbisinin, azərbaycançılıq ideologiyasının inkişafına çox böyük təkan oldu.

Ləman Xəlilova
Azerbaijan Realities

2015-01-08 / 00:00
Facebook