Respublikamızın demokratik dövlət quruculuğunu şərtləndirən əsas amillərdən biri yerli özünüidarəetmə orqanlarıdır. Bu gün, məlum olduğu kimi, Azərbaycanda yerli özünüidarəetməni bələdiyyələr həyata keçirir. Respublikamız müstəqilliyini bərpa etdikdən sonra dövlət quruculuğunun təkmilləşdirilməsi istiqamətində atılan addımlardan biri də məhz bu orqanların təşkili və onların fəaliyyətinin nizamlanması olmuşdur. Əhalinin sosial, mədəni və məişət problemlərinin həllinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi zərurətindən irəli gələrək yaradılan yerli özünüidarəetmə orqanları ölkəmizdə vətəndaş cəmiyyətinin əsas atributlarından biri sayılır.
Demokratik idarəetmə sistemini xarakterizə edən əsas prinsiplərdən birinin -hakimiyyətin bölünməsi prinsipinin tətbiq olunduğu ölkəmizdə dövlət quruculuğunun daha da mükəmməlləşdirilməsi məqsədilə yaradılan bələdiyyə orqanları aparılan daimi islahatlar nəticəsində öz müsbət nəticəsini verməkdədir.
Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikası Qanununda yerli özünüidarə bu cür xarakterizə olunur «… vətəndaşların fəaliyyətinin elə bir sistemidir ki, bu sistem qanun çərçivəsində onlara yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək və yerli əhalinin mənafeyi naminə Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin II hissəsinə uyğun olaraq dövlət işlərinin bir hissəsini yerinə yetirmək imkanı verir».
Ümummilli lider Heydər Əliyevin fəaliyyəti nəticəsində 12 dekabr 1995-ci ildə qəbul edilən müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında hüquqi statusu müəyyən edilən bələdiyyələrə ilk seçkilərin keçirilməsi isə 1999-cu ilin dekabrına təsadüf edir. Artıq 15 ildir ki, ölkəmizdə fəaliyyət göstərən bələdiyyələr digər dövlətlərin təcrübəsindən yararlanaraq daha da təşəkkül tapmış və yerli əhali arasında nüfuz qazanmışdır.
2014-cü ilin dekabr ayının 23-də keçirilən 3-cü bələdiyyə seçkiləri də bir daha göstərdi ki, bu qurumun fəaliyyəti respublikamızda kifayət qədər özünü doğrultmuşdur. Baxmayaraq ki, ölkəmiz müstəqilliyini cəmi 23 ildir bərpa edib, lakin bu keçən müddətdə qanunvericiliyini daim təkmilləşdirməklə və dünyanın öndə gedən demokratik ölkələrinin təcrübəsindən yararlanmaqla aparılan ardıcıl islahatlar sayəsində dövlət quruculuğu istiqamətində çox böyük irəliləyişə nail olmuşdur. Bu il keçirilən bələdiyyə seçkilərində də əhalinin fəallığı onu göstərdi ki, xalq bu orqanların fəaliyyətini mühüm qiymətləndirir. Bu baxımdan da seçilən namizədlərin onlara göstərilən etimadı yüksək səviyyədə doğrultması gözlənilir.
Ləman Xəlilova
Azerbaijan Realities