Hər nə qədər alternativ turizm imkanları artsa da Azərbaycanda turizm əsasən bir nöqtə üzrə kəskinləşir. Respublikamızda tək şəhər turizminin deyil, rayon, kənd turizminin inkişafı üçün də potensial vardır. Ələlxüsus, şəhərdənkənar ərazilərdə füsunkar təbiət, təmiz, sakit hava ekoloji turizmin (dağ turizmi, su turizmi, veloturizm və s.) formalaşmasına imkan yaradır. Bu istər daxili, istərsə də xarici turistlər üçün daha cəlbedicidir. Daxili turizm ölkəmizdə tam təkmilləşmiş bir sahə deyildir. Lakin daxili turizm tarixi-mədəni dəyərlərin öyrənilməsi, zəif inkişaf etmiş bölgələrimizin iqtisadi canlanması baxımından mühüm əhəmiyyət kəsb edir. Təəssüf ki, bəzi iqtisadi problemlər, həmçinin təhsil səviyyəsi, səyahət mədəniyyətinin tam formalaşmaması daxili turizmə əngəl törədir. Avropa ölkələrində daxili turizm xarici turizmin alternativi deyil, tamamlayıcısı rolunu oynayır. Bizim ölkəmizdə isə daxili turizm xarici turizmə alternativ olaraq qiymətləndirilir. Problemin həllinə təsir göstərəcək vasitələr: ölkədaxili səyahət bazarının formalaşdırılması, təhsil səviyyəsinin yüksəldilməsi ( məktəblərdə ölkənin turizm tarixinə dair dərslər təşkil etməklə maraq oyatmaq), qiymətlərin xarici turistlərə nisbətdə əlverişli təqdim olunması, əhalinin rahat və ucuz istirahətinin təmin olunması üçün ölkə ərazisində turizm müəssisələrinin sayının çoxaldılması, ödəmənin asanlaşdırılması və s. Avropa ölkələrində mənimsənilmiş “hər kəs üçün turizm” prinsipi Azərbaycana da şamil olunmalıdır. Məsələn, fransızların 90,6%-i tətil üçün öz ölkələrini seçirlər. Fransada turizm bazarının 65%-ni, Almaniyada 47%-ni, İtaliyada isə 65%-ni daxili bazar formalaşdırır.
2008-ci ildə Avstraliya hökumətinin Dünya Böhranı ilə əlaqədar iqtisadi problemlər yaşayan turizm sektorunu dirçəltmək məqsədi güdən “Ayrılmayana həyat yoxdur”(“no leave, no life”) kampaniyası Avropa Birliyi ölkələri tərəfindən də böyük maraqla qarşılanmışdı. Avstraliya Turizm Nazirliyi ölkədaxili turizmi canlandırmaq məqsədilə 11 milyon işçiyə “tətilə çıxın” şüarı altında kampaniyaya başlamağı təklif etmişdi. Bu kampaniya ölkə işçiləri üçün ayrılan toplam 121 milyon günlük tətil ödənişini ləğv edərək, bu günlər üçün nəzərdə tutulmuş 31 milyard Avstraliya dollarını ölkədaxili turizmə yatıraraq, daxili turizm sektorunu canlandırmağa istiqamətlənmişdi. Yəni: 11 milyon işçinin tətil günü = 121 milyon gün → 31 milyard Avstarliya dolları ( 21 mlrd. 148 mln. AZN). Bu baxımdan turizm sektorunda üzləşdiyimiz bir istiqamətli problemlərin həlli sahəsində qabaqcıl dünya təcrübəsini dərindən öyrənməli və tətbiq etməliyik.
Nailə Məmmədova
Azerbaijan Realities