31 dekabr Azərbaycan tarixinə həm yeni ilin qarşılanma, həm də dünyanın hər bir guşəsində yaşayan milyonlarla azərbaycanlının birlik və həmrəyliyinin nümayişi günü kimi daxil olmuşdur. Bir neçə gündən sonra yeni 2015-ci il qədəmlərini qoyacaq. Bu ildən istər Azərbaycanın siyasi, istərsə də iqtisadi uğurları ilə bağlı gözləntilərimiz böyükdür. Nəzərə almaq lazımdır ki, yeni -2015-ci il, əsasən , Avropa oyunları ilə Azərbaycan, eləcə də dünya tarixində həkk olunacaq. Əsas diqqəti yola saldığımız ildə əldə etdiyimiz nailiyyətlərə, görülən işlərə yönəldək. 2014-cü ili Azərbaycanımızın beynəlxalq nüfuzu, siyasi uğurları baxımından məhsuldar il olaraq qiymətləndirmək olar. Qısaca tarixi ekskursla 2014-cü il üçün yaddaqalan məqamları sadalayaq:
- Ölkə başçısının qeyri-neft sektorunun çoxşaxəli inkişafı məqsədilə ardıcıl tədbirlərin həyata keçirilməsini nəzərdə tutan Sərəncamıyla 2014-cü ilin “Sənaye ili” elan olunması;
- 2015 Avropa oyunlarına hazırlıq məqsədilə xarici ölkələrdə tanıtım mərasimlərinin keçirilməsi, Avropa oyunlarına hazırlıq prosesinin nümayişi, ölkə daxilində bir sıra idman obyektlərinin istifadəyə verilməsi (Milli Gimnastika Arenasının açılışı), inşaat işlərinin gedişatı ilə bağlı mütəmadi olaraq tanışlıq. Bu işdə Heydər Əliyev Fondunun əvəzsiz xidməti danılmazdır;
- Davos İqtisadi Forumu (22-25 yanvar), Haaqada III Nüvə Təhlükəsizliyi Sammiti (24 mart), Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının Sammiti (24 aprel; bu sammit, Türkiyənin yoxluğundan istifadə edərək söz hücumuna keçən erməni nümayəndə heyətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətli və məntiqi şəkildə susdurulması ilə yadda qalmışdır), Şanxayda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü Zirvə Toplantısı (21 may), Bodrumda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısı (5 iyun), Uelsdə NATO-nun sammiti (4 sentyabr), Həştərxanda Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammiti (29 sentyabr), Minskdə MDB Dövlət Başçıları Şurasının iclasında (10 oktyabr) və s. Prezident İlham Əliyevin iştirakı, Azərbaycanın məqsədyönlü inkişaf strategiyasını, Azərbaycan həqiqətlərinin çatdırılması ilə bağlı tarixi çıxışları Respublikamızın beynəlxalq tanıtımına xidmət etmişdir;
- 2014-cü il atəşkəsin ciddi və ardıcıl şəkildə (xüsusilə avqust ayında) pozulması ilə yadda qaldı. Hərbçilərimizin çevikliyi nəticəsində düşmən tərəfi xeyli itki verərək geri çəkilməyə məcbur edildi. Münaqişənin tənzimlənməsi istiqamətində Haaqada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüş (24 mart), Bakıda Prezident İlham Əliyevin ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbulu (31 may), Soçidə Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin birgə görüşü (10 avqust), Uelsdə Azərbaycan, Ermənistan prezidentlərinin və ABŞ dövlət katibinin birgə görüşü ( 4 sentyabr), Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Prezidenti Serj Sarkisyanın Parisdə görüşü (27 oktyabr) reallaşmışdır. Lakin bu görüşlər də daha çox nəticəsizliyi və erməni tərəfinin həmişəki destruktiv yanaşması ilə yadda qalmışdır. Eyni zamanda, bu il ilk dəfə olaraq, birinci Azərbaycan Beynəlxalq müdafiə sənayesi sərgisinin (11 sentyabr) təşkili, Azərbaycan hərb sənayesinin uğurlarının nümayişi vaxtında atılmış praqmatik bir addım oldu;
- 2014-cü il, əvvəlki illərdə olduğu kimi ölkəmizin dünyəvi əhəmiyyətli forumlara, iclaslara ev sahibliyi etməsi ilə əlamətdar olmuşdur. Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının 77-ci konqresi (27 aprel) , İkinci Qlobal Açıq Cəmiyyətlər Forumu (28 aprel) , ATƏT Parlament Assambleyasının Bakıda keçirilən iyirmi üçüncü illik sessiyasının plenar iclası (28 iyun) , Gənclər siyasəti üzrə birinci qlobal forumun (29 oktyabr) Bakıda keçirilməsi Respublikamızın beynəlxalq uğurudur;
- 2014-cü ildə Azərbaycan neft strategiyası yeni bir mərhələyə qədəm qoydu. 20 sentyabr tarixində “Cənub” qaz dəhlizinin təməlqoyma mərasimi keçirildi. Bununla, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolunu daha da artıracaq. Layihə milyonlarla istehlakçıya xidmət edəcək və minlərlə iş yerinin açılmasına səbəb olacaq. Bu isə Azərbaycanın artan iqtisadi inkişafının qarantı rolunda çıxış edəcək;
- Ölkə Prezidentinin Respublikanın bölgələrinə (Gəncə, Şəmkir, Goranboy, Daşkəsən,Tovuz, Naxçıvan, və s) ardıcıl səfəri, yeni obyektlərin istismara verilməsi, regionların inkişafı üzrə ardıcıl və məqsədyönlü fəaliyyət, dövlət tərəfindən sərmayələrin artırılması, 5 fevral tarixində Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfrans sosial-iqtisadi inkişafın təcəssümü oldu;
- Vətəndaşlara rahat və şəffaf xidməti nəzərdə tutan “Asan xidmət”in regional mərkəzlərinin yaradılması və genişlənməsi, Könüllülərin I qurultayının keçirilməsi sosialyönümlü strategiyanın uğurunun göstəricisi oldu.
Yuxarıda sadalananlar Azərbaycanın 2014-cü ildəki uğurlarının yalnız müəyyən bir hissəsidir. 2015-ci ilin də ölkəmiz üçün düşərli bir il olmasını, yaddaqalan tarixi nailiyyətlərlə bol olmasını arzulayırıq.
Nailə Məmmədova
Azerbaijan Realities