Olimpiya oyunlarının vətəni olan Avropa qitəsində ilk oyunların məhz Azərbaycanda keçirilməsi qərarı ölkəmizin qazandığı böyük nailiyyətdir və təbii ki, bu nailiyyətin əldə olunmasında başlıca amil Azərbaycanın beynəlxalq miqyasda qazandığı nüfuzu ilə bağlıdır. Eyni zamanda, Azərbaycanda Olimpiya oyunlarının keçirilməsi üçün çox yüksək səviyyədə yaradılmış idman infrastrukturu Azərbaycan Respublikasının davamlı iqtisadi inkişafının nəticəsidir. Uzun müddətdir ki, Bakı şəhərində aparılan yenidənqurma işlərinin yekunu olaraq tarixilik və müasirliyin vəhdəti əsasında Bakı şəhəri dünyanın ən gözəl şəhərlərindən birinə çevrilmişdir və həmçinin bir çox beynəlxalq tədbirlərə, idman sahəsində dünya və Avropa çempionatlarına ev sahibliyi edərək özünün hər cəhətdən inkişaf etdiyini və hər keçən gün inkişaf edəcəyini sübut etmişdir.
Bu gün dünyanın ən gözəl şəhərlərindən biri olan, tarix və müasirlik simasını özündə birləşdirən, daim inkişaf edən Bakı şəhəri Avropa oyunlarına ev sahibliyi üçün hazırlanır.
Artıq Azərbaycan dünyada idman dövləti kimi tanınır və bunun da əsasında, təbii ki, azərbaycanlı idmançılarımızın qazandıqları uğurlar dayanır. Həm Avropa, həm dünya çempionatlarında, bilavasitə Olimpiya oyunlarında əldə olunan yüksək nailiyyətlər ilk Avropa Olimpiya oyunlarının Bakıda keçirilməsinə müsbət təsir göstərən amillərdəndir.
Beləliklə, tarixdə ilk dəfə Avropa Olimpiya oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərarın qəbulu ölkəmizin dünyada artan nüfuzunun göstəricisidir. Bu qərarın qəbulunda ölkəmizin beynəlxalq nüfuzu həlledici rol oynamışdır. Bu isə ölkəmizdə həyata keçirilən uğurlu siyasətin təcəssümüdür. Azərbaycan Respublikasının qısa müddətdə siyasi, iqtisadi, mədəni, beynəlxalq əməkdaşlıq sahələrində yüksək inkişafa nail olması ölkəmizi dünya miqyasında dinamik inkişaf edən müasir güclü ölkə kimi tanıtmışdır. Hesab olunur ki, dövlətimiz öz tarixində ilk dəfə olaraq 2015-ci ildə Avropa Olimpiya oyunlarını keçirməklə Azərbaycanın müasir tarixinin çox şərəfli bir səhifəsini yazacaqdır.
Ləman Xəlilova
Azerbaijan Realities