Ulu Öndərin təhsilə qayğısı

Məlumdur ki, SSRİ məkanında iqtisadiyyatı, elmi - mədəni potensialı, təbii sərvətləri imperiya tərəfindən istismar edilən digər dövlətlər kimi, Azərbaycanda da əziyyət çox acınacaqlı idi.

Məhz bu cür gərgin şəraitdə, 1969 – cu il iyulun 14 – də Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsi ilə respublikamızda milli əxlaq, milli şüur istiqamətində yeniləşmə, yeni bir təbəqənin, yeni düşüncə tərzinə malik olan insanların yetişməsi prosesi özünü göstərirdi. Azərbaycanın müasir tarixində dönüş ili hesab olunan 1969-cu ildə respublikanın sosial-iqtisadi və mədəni inkişafı özünün yenidən dirçəliş dövrünə qədəm qoydu.

  “Təhsil millətin gələcəyidir” deyən ümummilli lider Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəlişinin ilk günündən onun inkişafına qayğını ön plana çəkərək, təhsilin yüksəlişinə nail olmaq üçün bütün potensial imkanlardan istifadəyə geniş şərait yaratmışdır. Nəticədə, ötən əsrin 70 – 80 – ci illəri Azərbaycan təhsilinin coşqun yüksəliş illəri kimi tarixi yaddaşımıza daxil olmuşdur. Keçmiş SSRİ – nin ali rəhbərliyində çalışdığı 1982 – 1987 – ci illərdə cənab Heydər Əliyev digər sahələrlə yanaşı, super dövlətin təhsil sisteminə, eləcə də, SSRİ – də keçirilən ümumi təhsil və peşə məktəbi üzrə islahat prosesinə rəhbərlik etmişdir. 70 – 80 – ci illərdə Heydər Əliyevin qayğısı nəticəsində 350 mindən çox şagird yeri olan 680 ümumtəhsil məktəbi tikilib istifadəyə veilmişdir.1969 -1982-ci illərdə məktəbəqədər tərbiyə müəssisələrinin sayı 1600-dən 1875-ə çatmış, 1979-cu ildə orta məktəblərin şəbəkəsi 1965-ci illə müqayisədə 3 dəfədən çox artmışdır.

Müdrik dövlət başçısının təhsilin inkişafına göstərdiyi misilsiz xidmətlərdən biri də 1970 -1980 – ci illərdə azərbaycanlı gənclərin keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərinə oxumağa göndərilməsi idi. O vaxt Azərbaycandan kənarda təhsil almağa göndərilmiş, indi xalqımızın fəxrlə “Heydər Əliyevin kadrları” adlandırdığı 15 mindən çox gənc bu gün xalq təsərrüfatının, elm, təhsil, mədəniyyətin müxtəlif sahələrində uğurla çalışırlar.

“Hər bir xalq öz dili ilə yaranır.Ancaq xalqının dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur...” deyən Ulu Öndərin o zaman bütün təzyiqlərə baxmayaraq, 1978-ci il Konstitusiyasında Azərbaycan dilini dövlət dili kimi qəbul etdirməsi həqiqətən onun öz xalqı, öz vətəni qarşısında göstərdiyi böyük xidmət olmuşdur.

Bundan əlavə,  1973-cü ildə Ümummilli Liderin təşəbbüsü ilə Bakıda yaradılan Cəmşid Naxçıvanski adına ilk hərbi məktəb Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynamışdır. Bu hərbi məktəb Azərbaycanda ordu quruculuğunda əsas bazalardan birinə çevrilib və bu gün də hərbi kadr hazırlığı sahəsində mühüm əhəmiyyət daşıyır.

Həqiqətən də,  1969-cu ildən etibarən, Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı və həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi olaraq ölkədə ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni yüksəliş baş vermişdir. Onun bu fəaliyyəti, həmçinin,  beynəlxalq əlaqələrdə dönüş yaratmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğunun başlanmasına təkan vermişdir.

Ləman Xəlilova
“Azerbaijan Realities”
 

2014-12-08 / 00:00
Facebook