Azərbaycan Respublikasının sıx əməkdaşlıq etdiyi Avropa dövlətlərindən biri Macarıstan Respublikasıdır. 26 dekabr 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan Macarıstanla siyasi, iqtisadi, mədəni, humanitar, elm, təhsil və digər bir çox sahədə əməkdaşlıq bu günə qədər davam edir.
2014-cü ilin yanvar ayının 27-də Macarıstan Respublikasının xarici işlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi, Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Peter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri iki ölkə arasında iqtisadi münasibətlərin inkişafına stimul yaratmışdır. Səfər zamanı Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Macarıstan biznes forumu keçirilmişdir. Forumda çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev qeyd etmişdir ki, Hökumətlərarası Komissiyanın, Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun səmərəli fəaliyyəti, Şuşa ilə Döndöş şəhərlərinin qardaşlaşması haqqında birgə bəyannamənin imzalanması, Bakı-Budapeşt birbaşa hava xəttinin açılması, Heydər Əliyev Fondu tərəfindən Budapeştdə görmə qabiliyyəti zəif olan uşaqlar üçün yeni layihənin icrasına başlanması, iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişlənməsi və s. Azərbaycan-Macarıstan əməkdaşlığının hərtərəfli inkişafının göstəriciləridir.
Azərbaycanla Macarıstan arasında elm, təhsil sahəsində əməkdaşlığın inkişafı məqsədilə ölkələr arasında 2013-cü ildə əldə olunan razılaşmaya əsasən, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Macarıstanın 11 Ali məktəbi yer almışdır.
İki ölkə arasında yüksək mədəni əlaqələr də bu gün inkişaf etdirilir. Qeyd edək ki, Heydər Əliyev Fondunun, Heydər Əliyev Mərkəzinin və Macarıstanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə çap olunan və noyabrın 3-də təqdimatı keçirilən “Azərbaycan-Macarıstan mətbəxi” kitabı ölkələr arasında dostluq əlaqələrinə töhfə kimi dəyərləndirilir . Kitabın təqdimatı ilə bağlı keçirilən mərasimdə Azərbaycan ilə Macarıstan arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin inkişaf etdiyi, Heydər Əliyev Fondunun beynəlxalq layihələr çərçivəsində Macarıstanda bir sıra layihələr reallaşdırdığı, bu il bu ölkədə əlil uşaqlar üçün yeni reabilitasiya korpusunun təməlinin qoyulduğu da vurğulanıb.
Bundan əlavə, noyabr ayının 11-i Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana işgüzar səfəri zamanı Budapeştdə keçirilmiş Azərbaycan-Macarıstan biznes forumunda iştirakı da müasir dövrdə ölkələrarası inkişafın tempindən xəbər verir. Belə ki, çıxış zamanı səfər çərçivəsində imzalanan “Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin əhəmiyyətindən danışan Prezident İlham Əliyev bunun Avropa İttifaqı çərçivəsində də əməkdaşlığa töhfə verəcəyini qeyd edib.
Ləman Xəlilova
“Azerbaijan Realities”