Dünənin, bugünün və gələcəyin partiyası

Yeni Azərbaycan Partiyası yarandığı andan etibarən Azərbaycan tarixində əsaslı dəyişikliklərə yol açan strateji inkişafa imza atmışdır. Öz fəaliyyətini həm ölkə daxilində, həm beynəlxalq müstəvidə genişləndirərək yeni-yeni nailiyyətlər əldə etmişdir. Bu gün Partiya Cənubi Qafqazın ən böyük partiyası olmaqla xalq partiyası imicini formalaşdırmış, 20 illik iqtidar fəaliyyəti ilə etimadı doğrultmuşdur.

1992-ci ilin ağır sosial-siyasi, iqtisadi kataklizmlər dövründə Respublikanın 91 nəfər ziyalısı “Səs” qəzeti vasitəsilə Heydər Əliyevə müraciət etdi. 1992-ci ilin noyabrında Naxçıvanda Heydər Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası yaradıldı. Partiyanın təsis konfransı 21 noyabr 1992-ci ildə Naxçıvanda keçirildi və Heydər Əliyev YAP-ın sədri seçildi. Partiyanın adından göründüyü kimi partiyanın qarşısında duran məqsəd- yeni, totalitarizmin buxovlarından azad olmuş, həmçinin ictimai-siyasi sabitliyə nail olmuş Azərbaycanın yenidən qurulmasından, demokratik inkişaf yolunun seçilib, xalq müqəddaratının təyinindən ibarət idi. Nizamnamədə də qeyd edilirdi ki, partiya hakimiyyət uğrunda mübarizə aparan bir partiya kimi yaranmır. Partiya Azərbaycanın bu ağır dövründə ölkəmizin ictimai-siyasi həyatında iştirak etmək və Azərbaycanı bu ağır vəziyyətdən çıxarmaq üçün yaranmışdı. YAP-a inamın artmasına səbəb də məhz bu məqsədlərin yalnız kağız üzərində qalmaması, real işdə özünü təsdiqləməsi idi.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında YAP-ın yaranmasıyla müasir tipli siyasi sistemin, yeni siyasi mədəniyyətin əsası qoyuldu. Daxili və xarici siyasətin prinsiplərini ehtiva edən mükəmməl milli inkişaf proqramı hazırlanıb həyata keçirildi. Xalq milli mənəvi və ümumbəşəri dəyərlərə əsaslanan azərbaycançılıq, milli birlik ideologiyası ətrafında birləşdi. Hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu istiqamətində mühüm tarixi nailiyyətlər əldə olundu.

Bu gün Yeni Azərbaycan Partiyası Azərbaycanda aparıcı qüvvə, dövlət siyasətinin reallaşmasında əsas aktordur. Partiya üzvlərinin sayı 600 mindən çoxdur. Bu say özlüyündə Partiyanın məram və məqsədlərinin hər bir vətəndaş üçün qəbuledilənliyinin göstəricidir. Digər bir vacib xüsusiyyət partiya sıralarına qoşulan gənclərin artım statistikasıdır. Bu gün gənclik YAP-ı təkzibedilməz güc kimi qəbul edir, Respublikamızı inkişafa, gələcək uğurlara aparan yeganə qüvvə kimi tanıyır.

Yeni Azərbaycan Partiyasının amalı qüdrətli Azərbaycan, müstəqillik, inkişaf, sosial rifahdır. Bu  illər ərzində tarixi sınaqlardan, çətin dövrlərdən keçməklə əldə etdiyimiz nailiyyətlər YAP-ın adı ilə bağlıdır.

Nailə Məmmədova
Azerbaijan Realities
 

2014-11-24 / 00:00
Facebook