Azərbaycan-ABŞ münasibətləri bir çox sahələrdə özünün müsbət nəticəsini verir. Buraya iqtisadi, elmi-mədəni, enerji, beynəlxalq terrorçuluqla mübarizə və bir sıra digər sahələr üzrə əlaqələri aid edə bilərik. Lakin bunlardan ən başlıcası enerji sahəsində əməkdaşlıqdır. Bu əməkdaşlığın əsasını isə neft strategiyası təşkil edir. 1994-cü ilin sentyabrın 20-də “Əsrin Müqaviləsi”nin imzalanması Azərbaycanın Qərbin nüfuzlu dövlətləri, xüsusilə də ABŞ üçün sərfəli iqtisadi tərəfdaşa çevrilməsi prosesinin əsasını qoymuşdur.
1990-cı illərin ikinci yarısında 16 ölkənin aparıcı neft şirkətləri ilə ARDNŞ arasında 26 yeni neft müqaviləsi imzalandı ki, onların böyük bir qismində ABŞ şirkətləri: Amoko, Yunokal, Pennzoyl, Eksson, Şevron, Mobil fəal iştirakçı oldu.
ABŞ-ın iqtisadi sahədə Azərbaycanla əlaqələrə nə dərəcədə önəm verməsini təkcə 1998-ci ilə qədər Azərbaycanın neft sənayesinə qoyulan 1,7 mlrd dollar vəsaitdən 700 mln. dolların ancaq ABŞ şirkətlərinə aid olması faktı təsdiqləyir.
Ümumilikdə isə qeyd edək ki, müstəqillik qazandıqdan sonra Azərbaycan – ABŞ strateji tərəfdaşlığı yüksələn xətlə inkişaf etmişdir. Xüsusilə son 10 il ərzində, 11 sentyabr terror hadisəsindən sonra strateji tərəfdaşlıq daha da genişlənmişdir.
İkitərəfli münasibətlərin sağlam inkişafı baxımından Bakıda 2013-cü ilin 29 mayında keçirilən “Gələcəyə baxış” Azərbaycan-ABŞ Forumu da xüsusi əhəmiyyətə malik olmuşdur. Burada Azərbaycan və ABŞ-dan dövlət və hökumət nümayəndələri, dövlət, siyasət, elm xadimləri, hərbi və iqtisadi elitanın nümayəndələri iştirak etmişdir. Forumda çıxış edən Azərbaycan prezidenti İlham Əliyev ABŞ-Azərbaycan əlaqələrindən bəhs edərək qeyd etmişdir ki, ikitərəfli münasibətlərdə iqtisadi və təhlükəsizlik məsələləri ön planda dayanır: “Biz təhlükəsizlik sahəsində sıx əməkdaşlıq edirik və Azərbaycan hərbçiləri Əfqanıstanda sülhyaratma proseslərində iştirak edir. Azərbaycan Əfqanıstana daşınan yüklərin 40%-ni nəql edir və bizim marşrut ən təhlükəsiz marşrutdur. Terrorizmlə mübarizəyə də Azərbaycan öz töhfəsini verir”. Eyni zamanda, Dağlıq Qarabağ probleminin həllində ABŞ-ın mühüm rol oynadığını qeyd edən Prezident İlham Əliyev yekun nəticənin əldə edilmədiyini də təəssüflə qeyd etmiş və münaqişənin həllinin Cənubi Qafqazda inkişafa səbəb olacağını bildirmişdir.
Beləliklə, bu gün Azərbaycan Respublikası Cənubi Qafqaz ölkələri içərisində Avropanın enerji təhlükəsizliyində əsas rol oynayan enerji layihələrinin başlıca aktoru kimi çıxış edir və bu da Qərbin, eləcə də, ABŞ-ın Azərbaycanla əlaqələrin inkişaf etdirilməsində mühüm amil sayılır. Bu baxımdan, Azərbaycan-ABŞ iqtisadi münasibətləri müsbət istiqamətdə irəliləyir.
Ləman Xəlilova
Azerbaijan Realities