Azərbaycanın regional iqtisadi birliklərlə əməkdaşlığı

Azərbaycan  regional iqtisadi birliklər olan İqtisadi Əməkdaşlıq Təşkilatı və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ilə də qarşılıqlı faydalı münasibətlər qurmuşdur. Əsas məqsədi regional əməkdaşlığı gücləndirmək olan İƏT Türkiyə,  İran və Pakistan tərəfindən 1964-cü ildə yaradılmışdır. Azərbaycanın bu təşkilatla münasibətlərinin əsası isə 1992-ci ildə qoyulmuşdur. Qeyd edək ki, o dövrdə təzəcə müstəqillik qazanmış Azərbaycan üçün özünə yeni tərəfdaşlar qazanmaq, dövlət quruculuğu prosesində üzv dövlətlərin təcrübəsindən yararlanmaq, qarşıda duran Dağlıq Qarabağ probleminin həllində onların dəstəyini qazanmaq üçün bu təşkilata qoşulmaq zəruri hal olmuşdu.

Pakistan, Türkiyə, Əfqanıstan, Azərbaycan, İran, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistanın üzv olduğu bu təşkilat hal-hazırda 30-a qədər beynəlxalq təşkilat, o cümlədən Avropa İttifaqı, ASEAN, UNESKO, FAO, Şanxay Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Miqrasiya Təşkilatı və s.  tərəfindən tanınır və onlarla əməkdaşlıq münasibətlərinə malikdir.

16 oktyabr 2012-ci ildə İƏT-in Bakıda keçirilən XII Sammitində Azərbaycanın regional tərəfdaşlıq siyasətində yüksək səviyyəli iştirakı, İƏT çərçivəsində çoxtərəfli regional münasibətlərə və  üzv ölkələrlə ikitərəfli əlaqələrə böyük əhəmiyyət verməsi və əməkdaşlığa sadiqliyi bir daha vurğulanmışdır. Həmin sammitdə çıxış edən Azərbaycan Prezidenti həmçinin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü bir daha iştirakçıların nəzərinə çatdırmış və üzv ölkələri bu faciəni rəsmi şəkildə tanımağa çağırmışdır.

Azərbaycan Respublikası, həm də, 1992-ci ildə yaradılan QDİƏT-in həmtəsisçilərindən biridir. Respublikamız Avropaya inteqrasiya prosesini gücləndirmək üçün bu təşkilatın  potensialından kifayət qədər faydalanır. Respublikamız regionda coğrafi mövqeyinin əlverişliliyi və karbohidrogen ehtiyatlarla zəngin olması ilə əlaqədar QDİƏT-in nəqliyyat ‎və enerji üzrə işçi qruplarında əlaqələndiriciliyi öz üzərinə götürmüşdür.

Azərbaycan QDİƏT üzvü olan ölkələrlə yalnız iqtisadi deyil, həm də, elm və təhsil, mədəniyyət, enerji, nəqliyyat, turizm və digər sahələrdə də inteqrasiya proseslərinə qoşularaq müxtəlif layihələrin təşkilində və həyata keçirilməsində iştirak edir.

 

2014-11-24 / 00:00
Facebook