Regional inkişafa yönələn neft strategiyası

Tarix boyu, xüsusilə də XIX əsrdən başlayaraq Azərbaycan bütün dünyada neft ölkəsi kimi tanınmışdır. Neft və qaz sənayesi Azərbaycan üçün yalnız iqtisadi dəyər daşımır, o, eyni zamanda, milli qürur mənbəyidir. XIX əsrə qədər dünyada hasil edilən neftin yarısı ölkəmizin payına düşmüşdür. Dünyada neftin hasilatı da ilk dəfə 1847-ci ildə Azərbaycanda mümkün olmuşdur. O dövrdən başlayaraq sənaye üsulu ilə neft hasilatına başlanılmışdır.  İkinci Dünya Müharibəsi dövründə SSRİ-də hasil olunan neftin 75 faizi Azərbaycanın payına düşürdü.  Bakı şəhəri dünya neft sənayesinin aparıcı mərkəzlərindən birinə çevrilmişdi.

Xəzərin zəngin karbohidrogen yataqlarının böyük bir hissəsinin Azərbaycan sektorunda  yerləşməsi ölkəmizi dünyəvi arenada cəlbedici edir. Böyük uzaqgörənliklə hazırlanmış inkişafın Azərbaycan modeli də məhz respublikamızın zəngin neft ehtiyatlarına və digər təbii sərvətlərinə, onun əlverişli geosiyasi mövqeyinə əsaslanır. Təsadüfi deyildir ki, Azərbaycanın enerji bazarına daxil olması ilə yeni bir canlanma müşahidə olunmuşdur. Neft-qaz infrastrukturunun şaxələndirilməsi istiqamətində əməli siyasət reallaşdırılmışdır. Bununla da Respublikamız beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında ilk töhfəsini vermişdir.

Əksər ekspertlər Azərbaycanın hələ qarşıdakı onilliklər ərzində əsas neft hasil edən ölkələrdən biri kimi tanınacağını düşünürlər. Buna konkret misal olaraq qeyd etmək lazımdır ki, hətta ehtiyatlarının tükəndiyi gözlənən yataqlar da neft verməkdə davam edir. Məsələn, 1949-cu ildə istismara verilən Neft Daşları yatağının ehtiyatları hesablamalara görə, 1997-ci ildə tükənməli idi. Amma bu yataq hələ də bir milyon ton neft verir. İndi verilən proqnoza görə isə, Neft Daşları hələ 2028-ci ilə qədər də neft verməkdə davam edəcək. Təsdiq edilmiş qaz ehtiyatlarımız 2,5 trilyon kubmetrə bərabərdir. Ehtimal olunan, proqnozlaşdırılan ehtiyatlarımız 4-5 trilyon kubmetr səviyyəsindədir. “Şahdəniz” qaz yatağı əsas resurs mənbəyidir. Ancaq Azərbaycanın qaz ehtiyatları daha da böyükdür.

Respublikamızın gerçəkləşdirdiyi enerji siyasəti bütövlükdə regionun siyasi və iqtisadi inkişafına, rifahına xidmət edir. Bütün bu uğurların təməli isə “Əsrin müqaviləsi”nə söykənir. Prezident İlham Əliyev xüsusi vurğulamışdır ki, Azərbaycan Respublikasının həyata keçirdiyi neft və qaz layihələri bu gün dünyada enerji inkişafının möhkəm bünövrəsidir.

Nailə Məmmədova
Azerbaijan Realities

2014-11-17 / 00:00
Facebook