Öz dini etiqadı və adət-ənənələri ilə İslam dünyasının bir hissəsi olan ölkəmiz İslam Əməkdaşlıq Təşkilatı ( İslam Konfransı Təşkilatı ) ilə əlaqələrə də böyük əhəmiyyət verir. Üzv dövlətlər arasında islami həmrəyliyi möhkəmləndirmək, irqi ayrı-seçkiliyi aradan qaldırmağa səy göstərmək, elm, mədəniyyət, sosial-iqtisadi və s. sahələrdə əməkdaşlığı dəstəkləmək, müstəmləkəçiliyin ləğv edilməsinə çalışmaq və digər məqsədlərlə yaradılan İKT üzvlərinin sayına və mütəşəkkilliyinə görə dünyada mühüm yeri olan qurumlardan biridir.
Qeyd edək ki, İKT Azərbaycanın beynəlxalq hüququn müstəqil subyekti kimi qəbul olduğu ilk beynəlxalq təşkilatdır. Mütəxəssislərin fikrincə, Azərbaycanın İKT-yə üzv qəbul olunması həm erməni təcavüzünə məruz qalmış, eləcə də informasiya təbliğat imkanları zəif olan ölkəmizin öz haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırılması, həm də İKT-nin Ermənistan-Azərbaycan münaqişəsinə münasibət bildirməsi üçün əsas verməklə yanaşı, islam dövlətləri tərəfindən dəstəklənməsi üçün çox zəruri idi.
Daha sonra bu təşkilatın ardıcıl olaraq həyata keçirdiyi tədbirlər göstərdi ki, Dağlıq Qarabağ münaqişəsinin həllində İKT Azərbaycan Respublikasının tərəfindədir. Bu istiqamətdə atılan ən mühüm addımlardan biri 1994-cü il dekabrın 13-14-də Mərakeş Krallığının Kasablanka şəhərində İKT-yə üzv olan ölkələrin dövlət və hökumət başçılarının 7-ci Zirvə toplantısında 2 mühüm qətnamənin qəbulu hesab oluna bilər. Birinci qətnamədə Ermənistanın Azərbaycana təcavüzü kəskin şəkildə pislənmiş, bu təcavüzə son qoyulması tələb olunmuş və zor gücünə ərazi ələ keçirilməsinin yolverilməz olduğu bildirilməklə, ilk dəfə olaraq Ermənistan beynəlxalq səviyyədə təcavüzkar kimi qiymətləndirilmişdir.
İkinci qətnamədə isə Ermənistanın hərbi təcavüzü nəticəsində bir milyondan çox qaçqın olması ilə əlaqədar Azərbaycana iqtisadi və humanitar yardım göstərilməsi öz əksini tapmışdır. Konfransın qəbul etdiyi Yekun bəyannaməyə isə Ermənistanın Azərbaycana təcavüzü haqqında geniş bir bölmə daxil edilmişdir.
İndoneziyanın Cakarta şəhərində 1996-cı il dekabrın 9-13-də keçirilən 24-cü konfransda isə Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar İKT-nin qəbul etdiyi qətnamələrin adı dəyişdirilərək, “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında münaqişə haqqında” qətnamə əvəzinə, “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında” qətnamə adlandırıldı. Təbii ki, bu Azərbaycan Respublikası üçün mühüm nailiyyət idi.
Növbəti dəfə isə, 1999-cu il iyunun 28-dən iyulun 1-dək Burkina-Faso Respublikasının Uaqaduquda keçirilmiş İKT xarici işlər nazirlərinin 26-cı konfransında Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında”, “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi haqqında”, “Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüzü nəticəsində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində islam tarixi və mədəniyyət abidələrinin məhv edilməsi və dağılması haqqında” adlı 3 mühüm qətnamə qəbul edilmişdir.
Eyni zamanda, 18-20 may 2010-cu ildə İslam Konfransı Təşkilatına üzv dövlətlərin Xarici İşlər Nazirlərinin Düşənbə görüşündə qəbul edilmiş bəyannamədə “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində İslamın mədəni və müqəddəs abidə və tikililərin dağıdılması haqqında” adlı qətnamə qəbul olunmuşdur.
Qeyd etməliyik ki, İKT-Azərbaycan əlaqələri yalnız münaqişənin həlli istiqamətində aparılan danışıqlarla məhdudlaşmır. Bu gün müxtəlif istiqamətlərdə qarşılıqlı maraq əsasında əməkdaşlıq əlaqələri genişləndirilir.
Azərbaycanla İKT arasında mədəni münasibətlərin inkişaf edib möhkəmləndirilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusi rol oynayır. Onun fəaliyyətinin nəticəsidir ki, 2009-cu ildə Bakı İslam mədəniyyətinin paytaxtı elan edilmişdir.
Qeyd edək ki, 2014-cü ilin mart ayının 5-də Azərbaycan prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının yeni seçilən baş katibi İyad bin Amin Mədənini qəbul etmişdir. Görüşdə ölkəmizin İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq etdiyini vurğulayan dövlət başçısı bu əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirmişdir.
Ləman Xəlilova
“Azerbaijan Realities”