Azərbaycan Respublikası iqtisadiyyatının müasir vəziyyəti onu göstərir ki, həyata keçirilən məqsədyönlü islahatlar ölkəmizin iqtisadi gücünün artırılması yönündə çox böyük təsir gücünə malikdir. Bu islahatlar ölkəmizin inkişafının daha dayanıqlı hala gəlməsində mühüm yer tutur.
Təbii ki, ölkə iqtisadiyyatının bu inkişafının böyük qismi Azərbaycanın malik olduğu təbii resurslar hesabına mümkün olmuşdur. Lakin artıq 23 illik müstəqillik tarixində respublikamız ölkə iqtisadiyyatının digər istiqamətlərdə də inkişafını təmin etməyə nail olmuşdur. Bu inkişaf ölkədə aparılan uğurlu xarici neft strategiyası ilə yanaşı, həmçinin qeyri-neft sektoru ilə bağlı görülən işlərin nəticəsidir. Neftdən əldə edilən gəlirlərin insan kapitalına, infrastruktur layihələrinə yönəldilməsi bu gün qeyri-neft sektorunun inkişafına təkan vermişdir.
2014-cü ilin birinci yarısının nəticələrinə əsasən Azərbaycanın iqtisadi göstəriciləri 2,1 faiz artmışdır. Bu gün dünyada yaşanan iqtisadi çətinliklərə rəğmən Azərbaycanda inflyasiyanın cəmi 1,6 faiz təşkil etməsi ölkədə iqtisadi sabitliyin olduğuna işarədir. Məlum olduğu kimi, respublikamızın sosial iqtisadi inkişafını təmin etmək məqsədilə müxtəlif dövlət proqramları qəbul olunaraq icra edilmişdir. Həmin dövlət proqramlarının icra olunduğu 10 il ərzində ümumi daxili məhsul 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,6 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artmışdır.
Bunun davamı olaraq ölkədə növbəti illərdə iqtisadiyyatın diversifikasiyasının, qeyri-neft sektorunun və regionların inkişafının davamlılığının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Prezidenti növbəti proqramı - “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” nı təsdiq etmişdir. Bu da respublika iqtisadiyyatının növbəti illərdə daha güclü inkişafından xəbər verir.
Ləman Xəlilova
“Azerbaijan Realities”