Xəzər regionunda ən əlverişli mövqe Cənubi Qafqaza məxsusdur. Cənubi Qafqaz regionunun əhəmiyyətini artıran, beynəlxalq münasibətlər sisteminə əsaslı təsir göstərən yeni geosiyasi reallıqları aşağıdakı şəkildə ümumiləşdirmək mümkündür:
– Xəzərin və Qara dənizin, Rusiya, İran və Türkiyə arasında yerləşməsi Cənubi Qafqaz regionunu Şərq-Qərb və Şimal-Cənub dəhlizinə çevirir. Bu amil Xəzər regionunun, xüsusilə də Cənubi Qafqazın dünyanın geosiyasi xəritəsində mühüm mövqeyə malik olduğunu göstərir. 1997-ci ildə nəşr olunmuş ABŞ-ın Yeni əsr üçün Milli Təhlükəsizlik Strategiyasında da bu regiona böyük önəmin verildiyinin şahidi olmaq mümkündür: “Sabit, çiçəklənən Qafqaz və Mərkəzi Asiya Aralıq dənizindən Çinədək sabitliyin və təhlükəsizliyin təmin olunmasına, sürətli inkişafa və Xəzər neftinin, qazının ABŞ-ın səmərəli kommersiya iştirakı ilə dünya bazarına çıxarılmasına zəmin yaradacaq”;
– Qafqaz regionunda Rusiya heç də şəksiz və şəriksiz güc mərkəzi deyildir. Rəsmi Moskva bu reallığın fərqindədir və region siyasətinin konturlarını cızarkən bölgə dövlətlərinə münasibətdə konkret və xüsusi yanaşma strategiyasını həyata keçirməyə səy göstərir. Belə yanaşma tərzi son nəticədə Azərbaycan, Gürcüstan və Ermənistanla Kreml tərəfdən müxtəlif müstəvilərdə və müxtəlif statuslarda davranılmasını şərtləndirir. Ermənistan cəmiyyətində birtərəfli qaydada Rusiyaya prioritet verən xarici siyasət kursundan imtina edilməsini tələb edənlərin xüsusi çəkisi getdikcə artmaqdadır. Ermənistanlı ekspertlərin fikrincə, Rusiya-Azərbaycan münasibətlərinin son dövrlərdə yüksələn xətt üzrə inkişafı, xüsusilə də hərbi sahədə əməkdaşlığın sürətlə genişlənməsi Ermənistanda ciddi narahatlıqla qarşılanır.
– ABŞ-ın Harvard Universitetinin Xəzər Araşdırmaları Proqramının direktoru B. Şafferin məruzəsində qeyd olunur ki, üç Cənubi Qafqaz dövlətinin hər birinin minimum bir “xarici” qonşu ilə mürəkkəb münasibətləri var. Rusiya, eləcə də ABŞ üçün Gürcüstan geostrateji parametrləri baxımından əlverişli ölkədir. Əgər Azərbaycan neft istehsalçısı olaraq Qərb üçün strateji baxımdan dəyərlidirsə, Gürcüstan bu halda enerji ehtiyatlarının tranzit olunduğu məkan nöqteyi-nəzərdən qiymətlidir.
2008-ci il avqustun 7-dən 8-nə keçən gecə Gürcüstanın ərazi bütövlüyünün bərpası məqsədilə bu ölkənin hərbi qüvvələrinin Cənubi Osetiya və Abxaziya ərazisinə yeridilməsi, Rusiyanın separatçı rejimlərin müdafiəsinə qalxmaqla Gürcüstan ərazisində irimiqyaslı hərbi əməliyyatlar həyata keçirməyə başlaması regionu yeni geosiyasi reallıqla üz-üzə qoydu. Nəticədə bütün regionda sülh və təhlükəsizlik üçün olduqca ciddi təhlükə mənbəyi yaranmış oldu;
– ABŞ-ın keçmiş Prezidenti Ceyms Karterin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Z.B. Bjezinskinin qeyd etdiyi kimi, ABŞ da Cənubi Qafqaz kimi mühüm geostrateji əhəmiyyətli bir regionda öz siyasi təsirini artırmağa çalışır. Bu bölgə bütün növ qiymətli metal və neft-qaz yataqları ilə zəngindir. Dünyanın enerjiyə olan ehtiyacı yüksələn xətlə dəyişdiyi zaman karbohidrogen ehtiyatları ilə zəngin bu bölgənin əhəmiyyəti daha da artır.
Təkcə ABŞ və Qərb ölkələrinin deyil, Asiyanın sürətlə inkişaf edən dövlətlərinin də neft-qaza tələbatı günbəgün artmaqdadır. Küveyt, Meksika, Şimal dənizindəki karbohidrogen ehtiyatları ilə müqayisə olunan Xəzər dənizi hövzəsi Orta Asiya enerji ehtiyatları bölgəsini nəhəng dövlətlərin həyati mənafe zonasına çevirir. Belə mühüm bir regionun dünya siyasətindəki oriyentasiyası, sözsüz ki, həlledicidir. Regionda mövcud olan hər üç dövlətin təsir imkanlarını əldə saxlamaq və ya təsir imkanı qazanmaq üçün bölgəyə giriş qapısı Azərbaycandır. Bununla Azərbaycanın regionda qlobal mahiyyətli siyasətin həyata keçirilməsində hansı geosiyasi əhəmiyyətə malik olması bir daha göz önündədir;
– Ermənistan ABŞ-ın Cənubi Qafqazda strateji maraqlarının təmin olunması üçün həyata keçirdiyi siyasətdə parçalayıcı rol oynayır. Özündə Rusiyanın hərbi bazalarını saxlayaraq və Rusiyanın siyasi dəstəyinə arxalanaraq, işğalçılıq siyasətindən, əsassız ərazi iddialarından əl çəkmir. ABŞ Ermənistanı Rusiyanın siyasi orbitindən uzaqlaşdırmaq və Cənubi Qafqazı bütövlükdə Qərbə inteqrasiya etdirmək üçün siyasi səylər göstərir. Lakin Ermənistan istəsə belə Rusiyanın orbitindən çıxa bilmir;
– Krım hadisələri Cənubi Qafqaz regionunda istər-istəməz yeni geosiyasi reallıq ortaya qoydu. Bununla Rusiya göstərdi ki, regionda, bütövlükdə Avrasiyada hegemonluq uğrunda gedən mübarizədə hər vasitədən istifadə edir. Bu hadisə Cənubi Qafqazda illərdir cərəyan edən Dağlıq Qarabağ probleminin həlli ilə bağlı məsələni bir daha aktuallaşdırdı. Əslində, Krım hadisələri Rusiyanın eyni fəndlə ətrafında olan ölkələri nəzarətində saxlamaq üçün apardığı bir siyasətdir.
Yuxarıda sadalanan amillər Cənubi Qafqaz regionunun müasir siyasi mənzərəsinin canlandırılmasında müəyyən rol oynayır. Respublikamız həm geostrateji, həm də geosiyasi baxımdan əlverişli məkanda yerləşir. Bu baxımdan Cənubi Qafqazda baş verən dəyişikliklər, yeni geosiyasi amillər regionun aparıcı dövləti hesab olunan Azərbaycan Respublikasından da yan keçmir.
Nailə Məmmədova
Azerbaijan Realities