Azərbaycanın xarici siyasətinin regional aspekti

Azərbaycan Respublikası SSRİ-nin iflasından sonra subregion dövlətləri ilə münasibətlərə xüsusi önəm vermişdir. Buna görə də, müstəqillik əldə etdikdən sonra xarici siyasət istiqamətində qarşıya qoyulan əsas prioritetlərdən biri regional təşkilatlarla faydalı münasibətlərin qurulması və üzv dövlətlərlə çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi olmuşdur.

Məlum məsələdir ki, Azərbaycan Respublikasının yerləşdiyi Qafqaz regionu hazırda ən mürəkkəb regionlardan biri hesab olunur. Bu da təbii ki, orada mövcud olan lokal və regional münaqişələrin olmasından irəli gəlir. Bu münaqişələrdən ən mürəkkəbi isə Azərbaycanın üzləşdiyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir ki, artıq 22 il keçməsinə baxmayaraq öz həllini tapmamışdır. Azərbaycan Respublikası üzləşdiyi bu problemin həlli üçün ikitərəfli danışıqların kifayət etmədiyini nəzərə alaraq, regional və beynəlxalq təşkilatlara da üz tutmuşdur. Doğrudur, bütövlükdə demək olmaz ki, respublikamız sadəcə bu aspektdən yanaşaraq həmin təşkilatlarla əməkdaşlıq edir, lakin əsas hədəf kimi bu gün Azərbaycanın xarici siyasətinin qarşısında ərazi bütövlüyünün bərpası və münaqişənin həlli durur. Bundan irəli gələn səbəblərdən Azərbaycan Respublikası öz maraqlarına uyğun olaraq, regional təşkilatlarla siyasi, iqtisadi, humanitar, təhlükəsizlik və s. sahələrdə də qarşılıqlı əməkdaşlıq edir.

Müstəqillik qazandıqdan sonra Azərbaycan Respublikası üzləşdiyi bir sıra problemlərin həll olunması, bazar iqtisadiyyatına keçidin təmin olunması, regional inteqrasiya proseslərinə qoşulması məqsədilə Müstəqil Dövlətlər Birliyi (MDB), İslam Əməkdaşlıq Təşkilatı (İKT və ya İƏT), GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT), Türkdilli Dövlətlər Birliyi (TDB) ilə sıx əməkdaşlıq yaratmışdır.

Ləman Xəlilova
“Azerbaijan Realities”
 

2014-11-04 / 00:00
Facebook