Danılmaz faktdır ki, elm və təhsil, yüksək ixtisaslı kadr potensialı hər bir dövlətin davamlı sosial-iqtisadi, mədəni-intellektual yüksəlişinin əsas təminatı qismində çıxış edir. İntellektual potensial əhəmiyyətinə və gətirdiyi dividentlərə görə bu gün hətta zəngin təbii sərvətləri belə üstələyir. Müasir dünyada rəqabətə tab gətirmək üçün, ilk növbədə, təhsilə, zəngin biliklərə, informasiya texnologiyalarına arxalanmaq lazımdır. Tarixi təcrübə göstərir ki, təbii sərvətlərin zənginliyi bəzi hallarda xalqlara və dövlətlərə davamlı inkişaf deyil, çoxsaylı arzuolunmaz problemlər bəxş edir. İndinin özündə də neftlə zəngin bəzi ölkələrin gərginlik və qeyri-stabillik mühitində yaşaması, təbii sərvətləri üzərində sahiblik hüququnun itirilməsi ilə bağlı çoxsaylı misallar gətirmək mümkündür.
Ulu öndər çıxışlarında həmişə bəyan etmişdir ki,neft təkcə indiki deyil,həm də gələcək nəsillərə məxsusdur. Bu zəngin təbii sərvətdən son dərəcə səmərəli şəkildə,qənaətlə,hər bir ölkə vətəndaşının mənafeyi naminə istifadə olunmalı,iqtisadiyyatın yalnız neft amilindən asılılığının qarşısı alınmalı,əldə olunan vəsaitlər elmi-intellektual resursların gücləndirilməsinə,insan kapitalının formalaşmasına xidmət etməlidir. Çünki neft tükənən,bərpa olunmayan təbii sərvətdir. Bu səbəbdəndir ki, neftin ixracından qazanılan böyük vəsaitlərin, ilk növbədə, insan faktorunun inkişafına yönəldilməsi qarşıya qoyulmuş əsas məqsədlərdəndir. Tarazlı və davamlı tərəqqi naminə qeyri-neft sektoruna xüsusi diqqət yetirilir.
Bu gün Azərbaycanda yerinə yetirilən çoxsaylı enerji layihələri regionun və bütövlükdə dünyanın tərəqqisinə yönəlmişdir. Reallaşan hər bir strateji proyektin əsasında dayanan amil isə milli rifah, hər bir Azərbaycan vətəndaşının sosial vəziyyətinin təmin olunması və “insan kapitalı”nın dinamik inkişafının mümkünləşməsidir.
Nailə Məmmədova
“Azerbaijan Realities”