Uğurlu neft strategiyası

Azərbaycan Respublikasının geosiyasi əhəmiyyətini artıran amillərdən biri məhz neft faktorudur. Bu amil milli maraqların təmin olunmasında da əsas vasitələrdəndir.  Azərbaycanın zəngin neft resurslarına malik olan coğrafi məkanda yerləşməsi XX əsrin 90-cı illərində ümummilli lider Heydər Əliyev tərəfindən düzgün qiymətləndirilərək milli mənafeyə yönəldildi. 1994-cü il 20 sentyabr tarixli “Əsrin müqaviləsi” ilə  dövlət neft strategiyasının əsası qoyulmuş, dinamik iqtisadi inkişaf başlanmışdır. Bununla, Xəzər dənizində tarixdə ilk dəfə olaraq beynəlxalq əməkdaşlıq prosesi başlamışdır. Respublikamız isə öz zəngin neft resurslarını dünya bazarlarına çıxarmaq üçün imkan əldə etmişdir.

“Əsrin müqaviləsi”ndən keçən 20 il ərzində Azərbaycan öz imkanlarını ardıcıl şəkildə genişləndirmişdir. Bu dövrdən başlayaraq neft-qaz sahəsinın inkişafında bir neçə önəmli mərhələni qeyd etmək mümkündür:

1)    1996-cı ildə “Şahdəniz” qaz kontraktı üzrə Sazişin bağlanması; Nəzərə almaq lazımdır ki, “Cənub” qaz dəhlizinin də resurs mənbəyi “Şahdəniz” qaz yatağıdır;

2)    1999–cu ildən Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəməri tikilmişdir. Bu, yeni bir ixrac marşrutu idi;

3)    2003-cü ildə isə Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməl daşı qoyuldu. Bakı-Tbilisi-Ceyhanın inşası ilə “Üç dənizin əfsanəsi” reallığa çevrildi;

4)    2007-ci il iyulun 3-də Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri ilə Türkiyənin qaz kəmərləri sisteminə daxil olması;

5)    2013-cü il dekabrın 17-də Şahdəniz konsorsiumunun “Şahdəniz” qaz yatağının II mərhələsi ilə bağlı yekun investisiya qərarını elan etməsi; Bu qərar Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsinə, Türkiyə ərazisindən keçən Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) və Yunanıstan, Albaniya ərazisindən keçərək İtaliyaya uzanan Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisi ilə bağlı planların gerçəkləşməsinə təkan vermişdir;

6)    2014-cü il 20 sentyabr tarixində  “Cənub” qaz dəhlizinin təməlinin qoyulması; Bu da  Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolunun daha da artmasına təkan vermişdir.

Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələlərinin həllində Avropa ilə tərəfdaş kimi işləyir. “Əsrin müqaviləsi”nin 20-ci ildönümündə Səngəçal terminalında təməli reallaşan “Cənub” qaz dəhlizi 20 illik uğurlu strateji inkişafın məntiqi davamı idi.  Bakı-Tbilisi-Ceyhan boru kəmərinin uzunluğundan iki dəfə uzun olacaq 45 milyard dollar dəyərində layihənin ilk mərhələsinin təməli qoyuldu. Layihə milyonlarla istehlakçıya xidmət edəcək və minlərlə iş yerinin açılmasına səbəb olacaq. Bu isə Azərbaycanın artan iqtisadi inkişafının  qarantı rolunu oynayacaq.

Nailə Məmmədova
Azerbaijan Realities
 

2014-10-27 / 00:00
Facebook