Regional inteqrasiya üç və daha artıq dövlətin iştirakı ilə, rəsmi və ya qeyri-rəsmi səviyyədə həmin dövlətlərin hökumət və yaxud qeyri-hökumət təşkilatları arasında qarşılıqlı fayda əldə etmək üçün qurulan daimi əməkdaşlıqdır. Regional əməkdaşlığın subyektləri qeyd edildiyi kimi, ayrı-ayrı dövlətlər və yaxud qeyri-hökumət təşkilatları ola bilər. Məhz regional inteqrasiya məqsədilə yaradılan bu cür təşkilatlar müxtəlif faktorlar ( din, tarix, mədəniyyət və adət-ənənə, siyasi, iqtisadi və təhlükəsizlik və s.) əsasında yaradılır. Məsələn, Sovet Sosialist Respublikasının dağılmasından sonra keçmiş postsovet ölkələri əvvəllər dövlətlər arasında mövcud olan siyasi, iqtisadi, sosial, humanitar əlaqələri bərpa etmək məqsədilə birləşərək Müstəqil Dövlətlər Birliyini qurdular. Düzdür, bu təşkilat Avropada mövcud olan regional təşkilatlar səviyyəsində inteqrasiya prosesini tam təmin edə bilməsə də, regional əməkdaşlıq istiqamətində atılan mühüm bir addım sayılır.
Regional təşkilatların bir çox sahədə əməkdaşlıq mexanizmi mövcuddur. Məsələn, siyasi sahədə demokratiyanın inkişaf etdirilməsi, iqtisadi sahədə qarşılıqlı maliyyə mühitinin qurulması, gömrük məsələlərinin sadələşdirilməsi, təhlükəsizlik sahəsində xarici təhdidlərə qarşı birgə mübarizənin təşkili, sülh və təhlükəsizliyin birgə mexanizmlərinin yaradılması və s.
Qeyd edək ki, müasir beynəlxalq münasibətlər sistemində kifayət qədər regional təşkilat mövcuddur. Regional təşkilatların keyfiyyəti – mövcud olduğu dövr ərzində həyata keçirdiyi tədbirlərlə üzv dövlətlər arasında siyasi, iqtisadi, təhlükəsizlik və s. sahələrdə inteqrasiyaya nə dərəcədə nail olması, mövcud problemləri həll edib etməməsi, ölkələr arasında əməkdaşlıq mühitinin hansı səviyyədə təşkil olunması və s. amillərlə müəyyən olunur.
Lakin yeni dünya düzənində ortaya çıxan bir çox təşkilatın keyfiyyət dərəcəsinə diqqət yetirsək, görərik ki, onların bəzilərinin fəaliyyəti formal xarakter daşıyır, bəziləri isə artıq öz fəaliyyətlərini dayandırmışlar. Ona görə ki, onlar yuxarıda sadalanan amilləri öz fəaliyyətləri müddətində həyata keçirməyə nail olmamışlar.
Bununla belə, müasir beynəlxalq sistemdə özünəməxsus yer tutan və bir çox məsələlərin həllində mühüm rol oynayan, çoxtərəfli əməkdaşlıq mühitini yaratmağa nail olmuş regional təşkilatlar mövcuddur. Bunlar arasında Avropa regional inteqrasiya təşkilatları, türkdilli dövlətlərin regional birlikləri, İslam dövlətlərinin regional birlikləri, keçmiş postsovet ölkələrinin birlikləri və b. mühüm əhəmiyyətə malikdir.
Ləman Xəlilova
“Azerbaijan Realities”