2001-ci ildə Rusiyada baş verən hakimiyyət dəyişikliyindən sonra Rusiyanın nümayiş etdirdiyi praqmatik siyasət ölkələrarası münasibətlərin inkişafı baxımından əlverişli hesab oluna bilər. Yeni prezident Vladimir Putinin işgüzar səfəri çərçivəsində imzalanan “Azərbaycan Respublikası və Rusiya Federasiyasının Bakı Bəyannaməsi” (09.01.2001) iki ölkə arasında münasibətlərin yeni mərhələsinin əsasını qoymuşdur.
21-22 Fevral 2006-cı ildə Vladimir Putinin Azərbaycan Respublikasına səfəri Rusiya-Azərbaycan əlaqələrinin inkişafı baxımından əlverişli olmuşdur. Səfər zamanı Bakıda iki ölkə arasında imzalanmış strateji tərəfdaşlığın inkişaf etdirilməsi haqqında birgə bəyanat da iki ölkə arasında yüksək səviyyəli dialoqun dərinləşməsini, ikitərəfli siyasi və iqtisadi əlaqələrdə qarşılıqlı məsləhətləşmələrin artırılmasını özündə ehtiva etmişdir.
Lakin 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsinin başlanması Azərbaycanın da xarici siyasətində çətin bir mərhələnin əsasını qoymuşdu. İki ölkə arasında baş verən münaqişə bölgədə təhlükəsizlik problemləri ilə yanaşı, iqtisadi qeyri-sabitliyin yaranmasına da təsir göstərmişdi. Bu isə bir daha Rusiyanın Qafqazda hələ də söz sahibi olduğunu sübut etdi. Məhz bu prosesdən sonra Azərbaycan Rusiya ilə əlaqələrini bir dəfə daha nəzərdən keçirməyə və Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) və Avropa Birliyi ilə əlaqədar siyasətində ehtiyatlı davranmağa başlamışdır.
Azərbaycanın həyata keçirdiyi bu balanslaşdırılmış siyasət sonrakı mərhələdə də iki ölkə arasında münasibətləri sabit saxlamağa imkan vermişdir.
Məlum olduğu kimi, 2014-cü ilin avqust ayında Ermənistan-Azərbaycan sərhəddində olan gərginliklə bağlı Azərbaycan Prezidentinin Rusiyaya işgüzar səfəri və ölkələr arasında keçirilən ikitərəfli görüşlər də Azərbaycan Respublikasının region dövlətləri ilə münasibətlərində Rusiyanın mühüm yeri olduğunu bir daha təsdiqləmişdir. Görüşün nəticəsi kimi iki ölkə arasında nisbi olaraq gərginliyin azaldılmasına nail olan Rusiya Federasiyası Azərbaycanla münasibətlərin korlanmamasına xüsusi önəm verir. Çünki Cənubi Qafqazın ən nüfuzlu dövləti ilə belə bir halın yaşanması təbii olaraq regionda marağı olan digər güclərin aktivləşməsinə və Rusiyanın bölgədəki mövqeyinin zəifləməsinə gətirib çıxara bilər.
Buna görə də, Azərbaycan Respublikası Qərb maraqlarını nəzərə alaraq, Qərb şirkətləri ilə isti münasibətlər kontekstində əməkdaşlıq etdiyi kimi, Rusiya tərəfi ilə də səmimi əməkdaşlıq yaradaraq paralellik əmsalını qoruyub saxlayır.
Bununla yanaşı, müxtəlif mərhələlərdə Rusiya işğalçı Ermənistana hərbi-iqtisadi və siyasi sahədə dəstək nümayiş etdirsə də, Qarabağ poblemində qeyri-konstruktiv mövqe tutsa da, Azərbaycanın Rusiya ilə strateji tərəfdaşlıq fonunda atmış olduğu addımlar tərəflər arasında münasibətlərin daha da inkişaf etdirilməsi nöqteyi nəzərindən çox mühümdür.
Ləman Xəlİlova
“Azerbaİjan Realİtİes