Ermənistanın diplomatik məğlubiyyəti

İqtisadi çöküş edən Ermənistan hökuməti yalnızca müharibə imitasiyası edəcək gücə malikdir. Bu imitasiya isə zaman-zaman səfalət içində boğulan xalqın gözünə pərdə asmaq, ya da ki, regionda mövcud təzyiqlərin tələb etdiyi zaman ortaya çıxır. Reallıq isə budur ki, Ermənistan faktiki olaraq Rusiyanın vassalına çevrilib. Ölkə özünü idarə etmək iqtidarına malik deyildir , güclə ayaqda qalır.  Lakin pafoslu çıxışları ilə diqqət toplayan erməni hakim dairələri münaqişənin öz xeyirlərinə nəticələnəcəyinə ümid edir, Azərbaycan tərəfinə öz “arzular”ını diqtə etdirəcəyinə inanırlar.  Nəzərə almaq lazımdır ki, münaqişənin həlli istiqamətində qəbul olunmuş normativ aktlar Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən qeyd-şərtsiz boşaldılmasının tərəfdarıdır.

Ermənistanın təcavüzkar siyasətinə növbəti zərbə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında Ermənistan nümayəndə heyətinin iclasdan qovulması oldu. “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” mövzusunda müzakirənin AŞPA-nın gündəliyindən çıxarılmasını tələb edən erməni nümayəndə heyəti ciddi təzyiqlərlə üzləşib. Proqramı pozmağa çalışan Ermənistan təmsilçiləri ilk öncə mikrofonu götürərək dayanmadan danışmağa başlayıb. Bu qeyri-etik addım iclas üzvləri tərəfindən xoş qarşılanmamış, Sədrin ciddi xəbərdarlığına baxmayaraq yenə də vəziyyət düzəlməmişdi. Belə olduqda isə iclasın rəhbərliyi tərəfindən onların mikrofonu söndürülmüş, ermənilərin danışıqlarının tərcüməsi dayandırılmışdır. Bununla da nəticə çıxara bilməyən Ermənistan nümayəndə heyəti ayağa qalxaraq, hay-küy salmağa başlamışdır. Belə bir vəziyyətdə iclasın rəhbərliyi Ermənistan nümayəndə heyətinin zaldan çıxarılmasına qərar vermişdi. Bu addım əslində erməni hakim dairələrinin iç üzünü açıq şəkildə ortaya qoydu. Daim destruktiv siyasət sərgiləyən Ermənistan hökuməti yalan informasiyalara, təriflərə o qədər aludə olmuşlar ki, həqiqəti qəbul etmək iqtidarında deyillər. Əslində isə bu Sarkisyan hökumətinin növbəti diplomatik məğlubiyyəti kimi yaddaşlara həkk olunacaq.

Nailə Məmmədova
Azerbaijan Realities

2014-10-20 / 00:00
Facebook