Azərbaycan-MDB münasibətləri

Avrasiya inteqrasiyasının mərkəzində dayanan ən vacib qurumlardan biri olan Müstəqil Dövlətlər Birliyi Azərbaycan üçün hər zaman öz əhəmiyyətini qoruyub saxlayır. Hesab etmək olar ki, SSRİ-nin dağılmasından dərhal sonra keçmiş sovet respublikalarının Avropaya inteqrasiyasının qarşısını almaq məqsədilə Rusiyanın başçılığı altında yaradılan bu birlik başlanğıcda SSRİ-ni yeni konfederativ əsasda qurtarmaq niyyəti daşıyırdı. Lakin yalnız keçmiş respublikalar arasında mövcud olan siyasi, iqtisadi, sosial və mədəni əlaqələri bərpa etmək məqsədi ilə birliyə qoşulan bir neçə dövlətin mövqeyi bu qurumun sadəcə hökumətlərarası qurum kimi fəaliyyət göstərməsini şərtləndirdi. Bu gün Azərbaycan da daxil olmaqla həmin dövlətlərin birlik daxili fəaliyyətləri MDB-nin müstəqil dövlətlərin könüllü və bərabərhüquqlu əsasda yaratdığı hökumətlərarası qurum olduğunu və həmin ölkələr arasında iqtisadi, siyasi, sosial, mədəni əməkdaşlığa şərait yaradan bir subyekt rolunu icra etdiyini təsdiqləyir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2014-cü ilin 10 oktyabrında MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı zamanı qeyd etmişdir ki, Azərbaycanın MDB məkanında, habelə regional və ikitərəfli əlaqələr çərçivəsində irəli sürdüyü təşəbbüslər təhlükəsizliyin, sabitliyin, əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Azərbaycanın irəli sürdüyü təşəbbüslər və onun təşəbbüsü ilə başlanmış layihələr regionun enerji təhlükəsizliyinin möhkəmləndirilməsi işinə xidmət edir.

Həmçinin Azərbaycan Prezidenti Azərbaycanın humanitar əməkdaşlığa böyük əhəmiyyət verdiyini də qeyd edərək, bir neçə gün bundan əvvəl Bakıda ənənəvi IV Beynəlxalq Humanitar Forumdan da söz açmışdır və bildirmişdir ki, dinlərarası dialoq, sivilizasiyaların dialoqu, multikulturalizm ilə bağlı humanitar əməkdaşlıq məsələləri çox aktualdır.

Tədbirdə dövlət başçıları tərəfindən bildirilib ki, çoxtərəfli əməkdaşlığın genişləndirilməsi prioritet istiqamətlərdəndir və iclasda müzakirə olunan məsələlər Birlik ölkələri arasında əlaqələrin möhkəmlənməsinə təkan verəcək.

Beləliklə, bu gün də Azərbaycan - MDB əlaqələri inkişaf edir. Respublikamız keçmiş sovet respublikaları ilə ikitərəfli münasibətlərlə yanaşı, həmçinin MDB çərçivəsində bu dövlətlərlə çoxtərəfli əməkdaşlığa böyük önəm verir.

Ləman Xəlilova
“Azerbaijan Realities”
 

2014-10-20 / 00:00
Facebook