Qlobal xarakterli məsələlərə dair çoxşaxəli dialoq, fikir mübadiləsi və müzakirələr aparmaq məqsədilə dünyanın bir çox tanınmış dövlət xadimləri, elm adamları və müxtəlif təşkilatların rəhbərlərini, eləcə də dünyanın elmi-mədəni elitasının nümayəndələrini bir araya toplayan Bakı Beynəlxalq Humanitar Forumu 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedyevin təşəbbüsü ilə təşkil olunmuşdur.
Məlum olduğu kimi, 2-3 oktyabr 2014-cü ildə ölkəmizdə IV Bakı Beynəlxalq Humanitar Forumu keçirildi. Forumda 60-dan çox ölkədən 500-ə yaxın qonaq iştirak etmişdir.
Artıq müxtəlif istiqamətlərdə bir sıra beynəlxalq humanitar tədbirlərə, beynəlxalq konfranslara ev sahibliyi edən Azərbaycan bununla beynəlxalq arenada öz tarixi mədəniyyətinin nə qədər qədim kökə malik olduğunu, qədim sivilizasiya ocaqlarından biri, eləcə də müxtəlif millətlərin, dinlərin nümayəndələrinin birgə yaşadığı tolerantlıq məkanı olduğunu bəyan etmişdir.
Forumda çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycanın bu formatda tədbirlərin keçirilməsi üçün ideal yer olduğunu bildirmişdir.
Bundan başqa multikulturalizmin Forumun mərkəzi mövzusu olduğunu söyləyən Prezident İlham Əliyev dünyada bu mövzu ilə bağlı mövcud olan ayrı-seçkiliyin aradan götürülməsinin vacibliyini qeyd etmiş və multikulturalizmin Azərbaycanda həyat tərzinə çevrildiyini bildirmişdir.
Forumda Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağ və onun ətrafında yerləşən yeddi bölgənin erməni işğalı altında olmasını və Azərbaycanın humanitar fəlakətlə üzləşən dövlətlərdən biri olmasını, işğal edilmiş ərazilərdə mədəni sərvətlərimizin, tarixi, dini abidələrimizin dağıdılmasını forum iştirakçılarına çatdıran Prezident İlham Əliyev bununla bağlı beynəlxalq səviyyədə qəbul olunan qərar və qətnamələrin yalnız kağız üzərində qaldığını və icra edilmədiyini də vurğulamışdır.
Təbii ki, bu faktların dünyanın müxtəlif ölkələrindən olan nümayəndələrə çatdırılması, Azərbaycan Respublikasının üzləşdiyi ağır fəlakətlərdən dünya ictimaiyyətinin bir daha xəbərdar olmasına və qloballaşan dünyada beynəlxalq müstəvidə əməkdaşlığa can atan bir dövlət kimi tanınmasına stimul yaradacaq və tərəfdaşlarının sayının artması üçün bir impuls olacaqdır.
Artıq dünyanın müxtəlif ölkələrində əks-səda doğuran Bakı Beynəlxalq Forumu beynəlxalq arenaya Azərbaycan Respublikasının müxtəlif sahələrdə əldə etdiyi böyük nailiyyətlərin Azərbaycanda azad və demokratik siyasi mühit yaratdığını və dünya ölkələri ilə qarşılıqlı əməkdaşlığa əsaslanan siyasət yeritdiyini bir daha təsdiqləmiş oldu.
Ləman Xəlilova
Azerbaijan Realities