Dünyanın iki əsas qütbündən biri hesab olunan SSRİ dağıldıqdan sonra Rusiyanın sosialist dövlətləri üzərində təsir mexanizmi aradan qalxdı. Mütəxəssislərin fikrincə, məhz bundan sonra Rusiya özünün xarici siyasəti qarşısına hər biri Avrasiya ilə bağlı olan 3 əsas vəzifə qoymuşdur:
1) ABŞ, Avropa İttifaqı və NATO-nun Şərqə doğru hərəkətinin qarşısını almaq;
2) Keçmiş Sovet məkanına Qərb dövlətlərinin müdaxiləsinə və yeni müstəqil dövlətlərin Qərbə meyllənməsinə mane olmaq;
3) Rusiya Federasiyasının bütövlüyünü qorumaq, onun milli təhlükəsizliyini və dövlət maraqlarını bütün vasitələrlə təmin etmək.
Qeyd edək ki, müasir dünya düzəni beynəlxalq siyasətdə Rusiyanın rolunu xeyli azaltsa da, Avrasiya regionunda onu sıxışdırmaq olduqca çətindir. Məhz buna görə də, Rusiya regionda olan xüsusi çəkisindən istifadə edərək Cənubi Qafqaz ölkələri üzərində hələ ki, öz təsir gücünü qoruyub saxlaya bilir. Xüsusən də etnik separatizm meyllərindən istifadə edərək Cənubi Qafqaz regionu ölkələrini özündən asılı vəziyyətdə saxlamağa nail olmuşdur.
Azərbaycan Respublikasının müstəqillik qazanmasından bu günə qədər əldə etdiyi nailiyyətlər, Cənubi Qafqaz ölkələri arasında ən inkişaf etmiş dövlətə çevrilməsi və xarici siyasətində tam müstəqil addımlar atması, xüsusən də Qərbyönümlü siyasət yeritməsi Rusiyanın Azərbaycanla bağlı siyasətinə təsir göstərmişdir. 1991-ci ildə Rusiya Federasiyası Azərbaycan Respublikasının müstəqilliyini tanımağa məcbur olsa da, onun Qərbə inteqrasiyası ilə bir müddət barışa bilməmişdir. Məhz bu səbəbdən də ilk vaxtlar ikitərəfli münasibətlər sahəsində ciddi addımlar atmağa nail olunmamışdır. Yalnız 1993-cü ildə Azərbaycanda baş vermiş hakimiyyət dəyişikliyi və ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkənin xarici siyasətində balanslaşdırılmış mexanizmin yaradılması həmçinin Rusiya ilə ikitərəfli əlaqələrin inkişafına da stimul yarada bilmişdir.
Ləman Xəlilova
Azerbaijan Realities