Strateji tərəfdaşlığın dönüş nöqtəsi

Ökəmizin xarici siyasətində məlum olduğu kimi, Türkiyə ilə əlaqələr vacib rol oynayır. Tarixə nəzər salsaq, Türkiyə-Azərbaycan münasibətlərində dönüş hesab olunan hadisələrdən ən mühümü 2010-cu il mayın 16-da Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğanın Azərbaycana səfəri hesab oluna bilər. Səfər zamanı hər iki dövlətin irəli sürdüyü yüksək səviyyədə Strateji Əməkdaşlıq Şurasının qurulması istiqamətində verilən qərar da Türkiyə-Azərbaycan arasında gələcəyi əhatə edən və ikitərəfli münasibətlərdə atılan ən mühüm addımlardan biridir. Daha sonra, 2010-cu ilin avqustun 16-da Türkiyə Prezidenti Abdullah Gülün Azərbaycana rəsmi səfəri Türkiyənin Azərbaycanla bağlı konkret mövqeyini ortaya qoydu. Belə ki, səfər gedişində  imzalanan “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə” münasibətləri dostluq-qardaşlıq çərçivəsindən strateji əməkdaşlıq səviyyəsinə yüksəltdi.

Görüşdə çıxış edən Azərbaycan Prezidenti demişdir: “...Sizin səfərinizin çox böyük əhəmiyyəti vardır. Mən şübhə etmirəm ki, səfər nəticəsində əldə edilmiş razılaşmalar Türkiyə ilə Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətlərinin inkişafı üçün çox mühüm rol oynayacaqdır.

...Bu gün imzalanmış strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə böyük tarixi əhəmiyyətə malik olan bir sənəddir. Bu müqavilə gələcək fəaliyyətimizi müəyyən edir və bundan sonra, onilliklər ərzində Türkiyə ilə Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətlərini müəyyən edəcəkdir.”

Daha sonra çıxış edən Türkiyə prezidenti Abdulla Gül : “Siyasi sahədəki əlaqələrimiz də mühüm əhəmiyyət kəsb edir. Bunu eyni qaydada davam etdirəcəyik. Bu gün imzaladığımız strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə bunun ən bariz nümunəsidir. Bu müqaviləyə müvafiq olaraq həmrəyliyimizi gücləndirərək inkişaf etdirəcəyik” deməklə müqavilənin zəruriliyini və əhəmiyyətini bir daha vurğulamışdır.

Beləliklə, 2010-cu ildə keçirilmiş bu görüşlər və imzalanmış sənədlər Azərbaycan-Türkiyə münasibətlərini strateji səviyyəyə çatdırmaq naminə uzun illər boyu görülən işlərə bir növ yekun vuraraq strateji tərəfdaşlığın gələcək inkişafını müəyyən etdi. Məhz o zaman qoyulan təməlin nəticəsidir ki, bu gün Azərbaycan və Türkiyə regionda ən möhkəm tərəfdaşlığı nümayiş etdirir.

Ləman Xəlilova
“Azerbaijan Realities”
 

2014-10-09 / 00:00
Facebook