Tolerantlıq mərkəzi

Azərbaycan bütün dini etiqadları və etnik azlıqları təşviq etməklə dinlərarası, millətlərarası dialoqun kəsişdiyi bir məkan kimi öz varlığını təsdiqləmişdir. Azərbaycan daim müxtəlif din və millətlərin qarşılıqlı anlaşma şəraitində yaşadığı bir dövlət modelini sərgiləmişdir.  Hər bir tarixi situasiyada Azərbaycan dünyaya tolerantlıq üzərində qurulmuş siyasi portretini nümayiş etdirə bilmişdir. Azərbaycanda bütün dinlərə mənsub insanların sərbəst şəkildə öz inanclarına etiqad etməsinə, bütün millətlərin nümayəndələrinin ölkənin bərabərhüquqlu vətəndaşı qismində hüquq əldə etməsinə lazımi şərait yaradılmışdır. Respublikamızda mövcud tolerantlığın ən əsaslı isbatı ölkənin ana qanunu, hüquqi təməli hesab olunan Konstitusiyada dinindən, dilindən asılı olmayaraq bütün vətəndaşların qanun qarşısında bərabərliyinin təsbit olunmasıdır.

Bu gün Azərbaycan dünyəvi arenada tolerantlılığını, milli həmrəyliyin təmin olunduğu dövlət siyasəti modelini təsdiqləmişdir. Müxtəlif din və millətlərin nümayəndələrinin toplaşdığı Azərbaycan özünəməxsus dialoq modelini formalaşdırmağa nail olmuşdur.  Dinlərarası dialoq şəraitində, bütün xalqların bərabər və azad şəkildə yaşayışının təmin olunduğu bir şəraitdə tolerantlığın Azərbaycan modelinin uğuru danılmazdır.  Azərbaycan yüksək mənəvi dəyərlərə malik tolerant və dünyəvi ölkədir. Artıq ölkəmiz bir çox dünya dövlətləri üçün nümunə sayılacaq tolerantlıq modelini formalaşdırmış       və nümayiş etdirmişdir.

Xristian ölkəsi olan Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsinə baxmayaraq, Azərbaycandakı xristian və yəhudi icmalarının inkişafı üçün hər çür şərait yaradılması Azərbaycanın dünyəvilik prinsiplərinə sadiqliyinin bariz göstəricisidir. Ölkənin ən ucqar bölgələrində belə ayrı-ayrı dinlərə məxsus tarixi abidələrin qorunub saxlanılması, bərpası istiqamətində görülən işlər dövlətin  tarixə verdiyi əvəzsiz qiymətdir. Bu bir daha Azərbaycanı qədim mədəniyyət beşiyi, tolarantlıq məkanı olaraq tanıdır, dini, milli dialoqun mərkəzi kimi təsdiqləyir. Təsadüfi deyildir ki, bu gün Azərbaycanın adı dünyanın  ən tolerant ölkələsi sırasında çəkilir, dözümlülük məkanı olaraq xarakterizə olunur.

Nailə Məmmədova
Azerbaijan Realities
 

2014-09-17 / 00:00
Facebook