Müasir dünyada rəqabətə tab gətirmək üçün, ilk növbədə, təhsilə, zəngin biliklərə, informasiya texnologiyalarına arxalanmaq lazımdır. Elm və texnologiya əsri kimi xarakterizə olunan XXI əsr elmin inkişafını daha da zəruriləşdirir. İntellektual potensial əhəmiyyətinə və üstünlüklərinə görə bu gün hətta zəngin təbii sərvətləri belə üstələyir. Dövlətçiliyin müasir dövrlə vəhdətdə inkişafı, təhlükəsiz və sabit yaşayışın təmini təhsil siyasətində ehtiva olunur.
Müasir dövrdə dinamik inkişaf edən, beynəlxalq aləmin etibarlı bir üzvünə çevrilən Azərbaycan üçün də təhsil problemi olduqca aktualdır. Uzun müddət SSRİ tərkibində ümumi prinsipial təhsil prinsiplərinə adaptasiya olunmuş Azərbaycanın müstəqillik qazanması ilə yeni strateji konsepsiyaya keçməsi çoxşaxəli və uzunmüddətli olmuşdur. Lazımi ictimai mühit yaradılmadan perspektiv təhsilin həyata keçirilməsindən söhbət gedə bilməz. Modern Azərbaycan neft amilinin sıxışdırılmasına, insan kapitlaının çevik inkişafına əsaslanan strateji konsepsiya reallaşdırır. Təbii ki, bu amil məhz tarixiliklə müasirliyin vəhdətinə, dövlətçilik ənənələrinin gələcək nəsillərə obyektiv şəkildə ötürülməsinə istiqamətlənmiş təhsilə dayanır. Azərbaycanda təhsilin yenilikçi, çevik və elmi inkişafının mümkünləşməsi yalnız bu amillə mümkündür. Respublikamızda təhsil ocaqlarında aparılan əsaslı təmir və yenidənqurma işləri, hər cür lazımi şəraitin təmin olunması dövlətin təhsilə verdiyi önəmin bariz göstəricisidir.
Təhsil strategiyasının uğurlu tətbiqi vətəndaş məsuliyyətini də artırır. Bu gün hər bir təhsil alan vətəndaş təhsilinin uğurları, dövlət üçün əhəmiyyəti haqqında düşünməlidir. Unutmaq olmaz ki, düzgün təhsil siyasətinin bərqərar olması yalnız dövlətin istəyi və iradəsi ilə həyata keçirilə bilməz. Bu, dövlət-vətəndaş birliyini, həmrəyliyini və əmkdaşlığını zəruri edən bir prosesdir.
Nailə Məmmədova
Azerbaijan Realities