Müasir reallıqlar kontekstində Dağlıq Qarabağ probleminin araşdırılması nəticəsində məlum olur ki, artıq bu problem regional olmaqdan çıxaraq qlobal mahiyyət kəsb etməyə başlamışdır. Çünki, yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycan Respublikasının siyasi strategiyasının ən ümdə məsələlərindən biri enerji təhlükəsizliyidir. Bu gün Avropa inteqrasiya siyasəti çərçivəsində reallaşdırılan neft və qaz layihələri ilə Avropanın enerji təhlükəsizliyi aktorlarından birinə çevrilmiş Respublikamızın üzləşdiyi bu problem həm də onun enerji təhlükəsizliyinə, dolayısı ilə Avropa ölkələrinin enerji resursları ilə təminatına təsir göstərir. Bununla yanaşı, Azərbaycanın regionda ən inkişaf etmiş ölkə olması və regionun ən mühüm strateji hissəsində yer alması münaqişənin həllində müxtəlif maraqlarla çıxış edən aktorların sayını artırır. Bu baxımdan Dağlıq Qabarağ münaqişəsində tərəflərdən əlavə 5 əsas aktor özünü göstərir: ABŞ, Rusiya, Avropa Birliyi, İran, Türkiyə. Məhz bu aktorlar öz mənfəətləri və bu istiqamətdəki manevrləri ilə Dağlıq Qarabağ problemi ilə bağlı fərqli həll yolları axtarışındadırlar.Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə tərəfdar olan aktorlardan biri İran İslam Respublikasıdır. İran öz təhlükəsizliyi və ictimai sabitliyinin qorunması üçün digər aktorların iştirakı ilə də olsa Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır. Çünki Şimalda baş verən hər hansı bir müharibə İranda yaşayan azərbaycanlı əhalinin də Cənubi Azərbaycan məsələsini qaldırmasına səbəb olar ki, bu da İranın ərazi bütövlüyünə ciddi təhdid yarada bilər. Xüsusən müharibədə ABŞ-ın dəstəyinin qazanılması ehtimalı İranı narahat edən əsas məsələlərdən biridir.Düzdür, İran Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həllini dəstəkləsə də, onun kimin xeyrinə həll edilməsi məsələsinə gəldikdə, hesab etmək olar ki, İran bunun Azərbaycanın xeyrinə olmasına tərəfdar deyil. Çünki Dağlıq Qarabağ kimi strateji əhəmiyyətli bir bölgənin Azərbaycana qaytarılması ölkəmizin daha da güclənməsinə səbəb olacaqdır. İranı da Rusiya kimi qıcıqlandıran məsələ olan Azərbaycanın enerji siyasəti nəticəsində Qərbə yönəlməsi Avropa ölkələri və ABŞ-ın burada mövqelərinin daha da möhkəmlənəcəyi anlamına gəlir. Təbii ki, Qərbin dəstəyini qazanan Şimali Azərbaycanın bu cür inkişafı cənubda da azadlıq hərəkatını alovlandıra və İran üçün ciddi təhlükə yarada bilər. Bunun üçün də İran bu gün Ermənistanla əlaqələrə xüsusi önəm verir. Bununla da o Ermənistanın tərəfində dayanaraq, cənubi azərbaycanlıları Azərbaycan Respublikasının təsirindən uzaq tutmağa çalışır.
Ləman Xəlilova
Azerbaijan Realities