Hər bir ölkənin gələcəyi orada təhsilin səviyyəsi ilə ölçülür. Məhz buna görə də təhsilin inkişafı ölkənin ümumi inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir.
Azərbaycanda təhsilə göstərilən qayğı günü-gündən artır. Son illərdə bu sahədə aparılan islahatlar nəticəsində ölkə iqtisadiyyatının dinamik inkişafı təhsilin inkişafı üçün də əlverişli şərait yaradır. Müasir mərhələdə ölkəmizin gələcək inkişaf modelini formalaşdıran əsas amil kimi təhsilin inkişafı daha da sürətləndirilir. Buna görə də təhsilin inkişafı insan kapitalının formalaşmasına xidmət edən ən mühüm sahə olmuşdur.
Prezident İlham Əliyevin gündəlik diqqəti və qayğısı sayəsində təhsil sisteminin institusional əsaslarının işlənib hazırlanması, yeni infrastrukturların yaradılması, təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi, qiymətləndirmənin yeni model və mexanizmlər tətbiq edilməsi, təhsil sisteminin informasiyalaşdırılması və digər mühüm işlərin görülməsi ölkədə insan kapitalının formalaşmasına xidmət edir.
Ölkə Prezidentinin 2013-cü ilin oktyabrın 24-də imzaladığı "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi üçün hazırlanan fəaliyyət planında təhsil sisteminin dünya təhsil sisteminə uyğunlaşdırılması üçün hədəflər müəyyənləşdirilmişdir.
Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində həyata keçirilən Xüsusi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq orta məktəblərin, ayrı-ayrı təhsil ocaqlarının maddi-texniki bazası möhkəmləndirilir, təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə ən müasir infrastruktur yaradılır. Yeni dərs ili ərəfəsində respublikanın hər yerində olduğu kimi, paytaxtda və eləcə də ətraf qəsəbələrdə orta məktəb binaları yüksək standartlara uyğun şəkildə yenidən qurulur və lazımı avadanlıqla təchiz edilir, təhsil müəssisələrinin ərazilərində abadlıq işləri həyata keçirilir.
Bu ilin avqust ayında bir neçə orta məktəb binasında ( 46, 56, 23, 121, 115 nömrəli məktəblər, Bakı Slavyan Universiteti nəzdində Məktəb-Lisey Kompleksi ) əsaslı təmir və yenidənqurma işləri aparılmış, Beyləqan rayonunda yeni şahmat məktəbi tikilərək istifadəyə verilmişdir.
2014-cü ilin 7 mayında Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun yaradılması da təhsilin inkişafı sahəsində mühüm addımlardan biridir. Əsas məqsədi Azərbaycan Respublikasının əhalisini maarifləndirmək, dövlətin daxili və xarici siyasətinin, ictimai-siyasi və sosial-iqtisadi proseslərin mahiyyətini ictimaiyyətə çatdırmaq olan Fond gənclərin biliklərinin, bacarıqlarının, peşəkarlıq səviyyələrinin və dünyagörüşlərinin inkişafına dəstək verir.
Həyata keçirilən bu və digər tədbirlər Azərbaycan Respublikasında təhsil sisteminin Avropa standartlarına uyğunlaşdırılmasına rəvac verərək ölkədə insan kapitalının inkişafına zəmin yaradır.
Ləman Xəlilova
Azerbaijan Realities